#HƏMAS

Eyni gün yayımlanan ilk rəsmi açıqlamada Misir Xarici İşlər Nazirliyi baş verənləri “İsrailin pozuntularına fələstinli cavabı” kimi səciyyələndirdi. Bu mövqe Misirin Fələstin məsələsinə müəyyən dərəcədə simpatiyasını göstərsə də, bu, Qahirənin nə “HƏMAS”ın metodlarını, nə də eskalasiyaya sürüklənməni dəstəklədiyi anlamına gəlmirdi. Bu, əsasən, Misirin keçmiş Qəzza-İsrail müharibələrindən çıxardığı reallığa əsaslanan praqmatik nəticələrə söykənirdi.

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü bildirib ki, “İsrail suveren dövlət olaraq öz təhlükəsizlik siyasətini və Qəzza zolağında əməkdaşlıq etməyə razı olduğu beynəlxalq qüvvələri özü müəyyən edəcək”. “Biz təhlükəsizliyimizə özümüz nəzarət edirik və beynəlxalq güclərə aydın şəkildə izah etmişik ki, İsrail hansı qüvvələrin bizim üçün qəbuledilməz olduğunu özü müəyyən edəcək. Biz bu şəkildə hərəkət etmişik və bu istiqamətdə hərəkət etməyə davam edəcəyik”.-deyə o bildirib.

Misirin paytaxtı Qahirədə “HƏMAS” və “Fəth” nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə atəşkəs sazişinin ikinci mərhələsi və Qəzza zolağının gələcək idarəçiliyi ilə bağlı məsələlər müzakirə olunub. Misir kəşfiyyatının vasitəçiliyi ilə keçirilən danışıqlar “müsbət atmosferdə” keçib. Xüsusilə Qəzzanın idarəçiliyi və hakimiyyətin ötürülməsi məsələlərində tərəflərin mövqelərinin yaxınlaşdığı bildirilir.

Qəzza zolağında atəşkəs və sülh prosesinə dair diplomatik təşəbbüslərin mərkəzində Türkiyə ordusunun mümkün iştirakı müzakirə olunur. Məlumata görə, Türkiyə beynəlxalq barış missiyasına qoşulmaq üçün ABŞ-dən İsrail qüvvələri ilə birbaşa təmasdan çəkinmək barədə təminat tələb edib. Həmçinin İndoneziya da bu missiyanın sırf “barış gücü” statusunda qalacağı və İsrail qüvvələri ilə toqquşma yaşanmayacağı barədə təminat istəyib.

ABŞ dövlət katibi Marko Rubio İsrailə səfəri zamanı bildirib ki, atəşkəs razılaşması çərçivəsində Qəzzada yaradılması planlaşdırılan beynəlxalq təhlükəsizlik qüvvəsi yalnız İsrailin “rahatlıqla əməkdaşlıq edə biləcəyi” ölkələrdən ibarət olmalıdır. Rubio qeyd edib ki, Qəzzada gələcək idarəçilik modeli hələ İsrail və tərəfdaş ölkələr arasında müzakirə edilməlidir, lakin bu prosesdə HƏMAS yer ala bilməz. Onun sözlərinə görə, Fələstin Muxtariyyətinin mümkün rolu da hələ müəyyən edilməyib.

Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və Milli Təhlükəsizlik Xidmətinin (MİT) rəhbəri İbrahim Kalın Qətərin paytaxtı Dohada “HƏMAS” hərəkatının rəhbərləri ilə görüş keçiriblər. Danışıqlar zamanı Qəzza zolağında davam edən humanitar böhran, atəşkəsin davam etdirilməsi və bölgədə sabitliyin bərpası istiqamətində mümkün vasitəçilik addımları müzakirə olunub.

Qəzzadaki hökumət, HƏMAS ilə İsrail arasında 10 oktyabrda əldə edilən atəşkəsdən bəri Qəzza zolağına humanitar yardım daşıyan cəmi 986 yük maşınının daxil olduğunu bildirib. Qəzza hökumətinin media ofisindən yayılan yazılı açıqlamada, İsrailin iki il boyunca blokada altında saxlayıb bombaladığı Qəzza zolağına atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra çatdırılan humanitar yardımla bağlı məlumat verilib. Açıqlamada qeyd olunub ki, atəşkəs qüvvəyə mindikdən sonra 14-ü məişət qazı balonu və 28-i yanacaq daşıyan olmaqla, ümumilikdə 986 yardım yük maşını Qəzza zolağına çata bilib.

İsrailin nəqliyyat və rabitə naziri Miri Reqev, HƏMAS-ın Qəzzadakı keçmiş lideri Yəhya Sinvarın cəsədinin yandırılmasını təklif edib. Nazir bu fikri hökumətin təhlükəsizlik kabinetinin son iclasında səsləndirərək bildirib ki, “bəzən elə simvollar olur ki, onların geri qaytarılması yolverilməzdir.” Reqev iclasda ABŞ-ın 2011-ci ildə “Əl-Qaidə” lideri Üsama bin Ladeni öldürüb cəsədini dənizə atmasına istinad edərək deyib: “Mən təklif etdim ki, biz də Sinvara, Bin Ladenlə amerikalıların etdiyini edək.”