#Dəniz blokadası

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazı ətrafında həyata keçirilən əməliyyatlar zamanı ümumilikdə 111 kommersiya gəmisinin “yönləndirildiyini” açıqlayıb. CENTCOM-un məlumatına görə, son bir həftədə 17 gəminin hərəkətinə müdaxilə olunub. Ekspertlər hesab edirlər ki, ABŞ və İran arasında artan qarşıdurma artıq dəniz nəqliyyatı və qlobal enerji marşrutlarına da ciddi təsir göstərməyə başlayıb.

Ağ Ev İran mediasında ABŞ və İran arasında mümkün memorandum layihəsi ilə bağlı yayılan məlumatları rədd edib. Rəsmi Vaşinqton açıqlamasında qeyd edib ki, yayılan iddiaların heç bir rəsmi əsası yoxdur və təqdim edilən məlumatlar həqiqəti əks etdirmir. Son günlər tərəflərdən yayılan ziddiyyətli açıqlamalar fonunda məsələ yenidən diqqət mərkəzinə çıxıb.

ABŞ və İran arasında mümkün sülh prosesi ilə bağlı yayılan yeni məlumatlarda Amerika hərbi qüvvələrinin bölgədəki mövcudluğu əsas müzakirə mövzularından biri kimi ön plana çıxıb. İlkin və qeyri-rəsmi memorandum layihəsinə dair yayılan detallara görə, qüvvələrin geri çəkilməsi, Hörmüz istiqamətində dəniz hərəkətinin bərpası və gələcək hüquqi mexanizmlər üzrə bir sıra məsələlər hələ də tam razılaşdırılmayıb.

İran dövlət mediası Vaşinqton və Tehran arasında mümkün razılaşma ilə bağlı yeni detallar açıqlayıb. Yayılan məlumata görə, ilkin və qeyri-rəsmi memorandum layihəsi Hörmüz boğazında kommersiya dəniz hərəkətinin əvvəlki səviyyəyə qaytarılması və hərbi gərginliyin azaldılması ilə bağlı müddəaları əhatə edir. Məlumatlar tərəflər arasında vasitəçilik səylərinin davam etdiyi bir vaxtda diqqət çəkib.

ABŞ ordusu Hörmüz boğazı ətrafında tətbiq olunan dəniz məhdudiyyətləri çərçivəsində 100-dən çox ticarət gəmisinin istiqamətinin dəyişdirildiyini açıqlayıb. Dünyanın ən mühüm enerji və ticarət marşrutlarından biri hesab olunan Hörmüz boğazında vəziyyət qlobal bazarlarda narahatlıq yaradarkən, mümkün sülh razılaşması ilə bağlı yeni detallar da gündəmə gəlib.

Hörmüz boğazı müharibənin başlanmasından 11 həftə sonra hələ də qapalı qalır və bu, qlobal iqtisadiyyat üçün ciddi zərər yaradır. SEPAH/Hərbi Dəniz Qüvvələri boğaz üzərində nəzarəti saxlayır, ABŞ isə İran limanlarına blokada tətbiq edir. Son məlumatlara görə, Tehran bəzi gəmilərdən tranzit üçün hər gəmi başına 2 milyon dollara qədər rüsum tələb edib. İqtisadi təhlillər göstərir ki, bu ödənişlər bir sıra ölkələr tərəfindən qeyri-qanuni hesab edilsə də, qlobal gündəlik iqtisadi itki ilə müqayisədə daha sərfəli ola bilər.

Beynəlxaq KİV tərəfindən əldə edilən son rəqəmlər və peyk görüntüləri göstərir ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sərt dəniz blokadasına baxmayaraq, xeyli sayda neft tankeri hələ də beynəlxalq sularda hərəkət edərək İran neftini dünya bazarlarına daşımağa davam edir. Bu vəziyyət Tramp administrasiyasının "maksimum təzyiq" strategiyasının praktiki tətbiqində ciddi boşluqların olduğunu göstərir.

Pentaqon ABŞ Hərbi Dəniz Qüvvələrinin naziri Con Felanın vəzifəsindən azad edildiyini açıqlayıb. Rəsmi açıqlamada istefanın səbəbləri barədə məlumat verilməsə də, qərarın İranla dəniz qarşıdurmasının pik mərhələsinə təsadüf etməsi müxtəlif ehtimalları gündəmə gətirib.