ABŞ-ın İran ətrafında genişmiqyaslı hərbi mövcudluğu və paralel informasiya fəaliyyəti regionda gərginliyi yeni mərhələyə keçirir. Məlumata görə, ABŞ hərbi qüvvələrinin Ərəb dənizi, Oman körfəzi və Hörmüz boğazında aktiv fəaliyyəti müşahidə olunur. Regionda aviadaşıyıcı gəmilər, raket esminesləri, desant gəmiləri və helikopterlərdən ibarət kompleks əməliyyat sistemi qurulub. Bu hərbi mövcudluq yalnız fiziki nəzarət deyil, həm də psixoloji təsir vasitəsi kimi qiymətləndirilir.
#Dəniz blokadası
"Financial Times" qəzetinin yaydığı məlumatlara görə, Hörmüz boğazından keçməyə cəhd edən bir neçə ticarət gəmisi ABŞ-ın tətbiq etdiyi dəniz blokadası səbəbindən hərəkətini dayandırmaq və ya Oman körfəzinə geri dönmək məcburiyyətində qalıb.
ABŞ və İran arasında bölgədəki gərginliyi müvəqqəti dayandıran atəşkəs müddətinin uzadılması istiqamətində prinsipial razılıq əldə olunub. Aprelin 22-də başa çatması gözlənilən iki həftəlik atəşkəsin müddətinin artırılması diplomatik danışıqların daha da dərinləşdirilməsinə xidmət edir. Regional mənbələrin verdiyi məlumata görə, tərəflər nüvə proqramı, Hörmüz boğazındakı vəziyyət və müharibə təzminatları kimi mübahisəli mövzular üzərində müzakirələri davam etdirmək niyyətindədirlər.