#Pakistan

Pakistanın Hayber Pahtunhva əyalətinin Bannu bölgəsində polis məntəqəsi partlayıcı yüklü avtomobillə hədəf alınıb.Terror aktı nəticəsində azı 5 nəfər həyatını itirib, biri polis olmaqla 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hücumun gücü nəticəsində polis məntəqəsi və ətrafdakı binalar ciddi ziyan görüb, ərazidə dağıntılar yaranıb.

Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, Pakistanın xarici işlər nazirinin çərşənbə axşamı günü Pekinə planlaşdırılan rəsmi səfəri zamanı tərəflər İrandakı gərgin vəziyyəti ətraflı müzakirə edəcəklər. Nazirliyin sözçüsü keçirdiyi mətbuat brifinqində bildirib ki, hər iki ölkə mühüm beynəlxalq və regional məsələlərdə eyni mövqeyi bölüşür. Bu görüş 2026-cı ilin fevral ayında ABŞ və İsrailin İranın hərbi və nüvə obyektlərinə endirdiyi koordinasiyalı hava zərbələrindən sonra bölgədə başlayan genişmiqyaslı münaqişə fonunda xüsusi əhəmiyyət kəsb edir.

Şahbaz Şərif sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, Pakistanın paytaxtı İslamabadda keçirilən görüşdə iştirak edən Türkiyənin xarici işlər naziri Hakan Fidan, Misirin xarici işlər naziri Bədr Əbdülati və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanı qəbul etməkdən məmnun olub.

Türkiyənin xarici işlər naziri Hakan Fidan 29 mart 2026-cı il tarixində İslamadabda pakistanlı həmkarı, Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb. Danışıqlar zamanı tərəflər Türkiyə və Pakistan arasındakı strateji münasibətlərin gücləndirilməsi, eləcə də Yaxın Şərqdə, xüsusən ABŞ-İsrail-İran münaqişəsi fonunda yaranmış gərginliyin azaldılması yollarını müzakirə ediblər. Hər iki nazir regionda sülh və sabitliyin bərpası üçün dialoq, diplomatiya və koordinasiyalı fəaliyyətin yeganə çıxış yolu olduğunu vurğulayıblar. Məlumata görə, toplantıda Türkiyə və Pakistanla yanaşı, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri də iştirak edir.

Pakistanın Baş naziri rəsmi İslamabadın Yaxın Şərqdə davam edən hərbi münaqişəni dayandırmaq və gərginliyi azaltmaq üçün diplomatik vasitəçilik missiyasına hazır olduğunu bəyan edib. Analitiklər qeyd edirlər ki, Pakistan həm Vaşinqton, həm də Tehranla uzunmüddətli strateji və tarixi əlaqələri olan nadir ölkələrdən biridir. İslamabadın bu təşəbbüsü Türkiyə, Qətər və Misir kimi ölkələrin apardığı vasitəçilik səylərinə yeni bir nəfəs verə bilər.

ABŞ-ın "Axios" xəbər saytı Türkiyənin son iki gündür ABŞ ilə İran arasındakı kritik mesaj trafikini idarə edən əsas ölkələrdən biri olduğunu bildirib. Prosesə Misir və Pakistan da qoşulub. "Axios"un məlumatına görə, Türkiyə, Misir və Pakistanla birlikdə gərginliyi azaltmaq məqsədilə ABŞ və İran arasında vasitəçilik missiyasını həyata keçirir. Tərəflər arasında intensiv mesaj mübadiləsi davam edir.

Əfqanıstan hökuməti Pakistanın paytaxt Kabildə narkotik asılılığından müalicə mərkəzinə hava zərbəsi endirdiyini, nəticədə ən azı 400 nəfərin həlak olduğunu bildirib. Pakistan tərəfi isə bu ittihamı rədd edərək, yalnız hərbi hədəfləri vurduğunu iddia edir. Əfqanıstan hökumət sözçüsünün müavini Həmdullah Fitrət "X" platformasında verdiyi açıqlamada, ötən gecə baş verən hava hücumunun "Ümid" adlı reabilitasiya mərkəzinin böyük hissəsini dağıtdığını qeyd edib. Məlumata görə, 400 ölü ilə yanaşı, 250-dən çox yaralı var. Xilasetmə qrupları hələ də dağıntılar altından cəsədləri çıxarmağa və binadakı yanğını söndürməyə çalışırlar.