ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli daha iki sanksiya qərarı açıqlayıb. Məhdudiyyətlər bir fiziki şəxs və Honkonqda yerləşən bir şirkəti əhatə edir. ABŞ tərəfi sanksiyaya məruz qalan şəxsin İranın “Bank Melli” bankı ilə əlaqəli olduğunu bildirir. Honkonq şirkətinin İranla əlaqələrinin təfərrüatları isə təqdim olunan məlumatda açıqlanmayıb. Yeni qərar Vaşinqtonun İrana iqtisadi təzyiqi artırdığı bir dövrə təsadüf edir. ABŞ əsas diqqəti İranın beynəlxalq maliyyə əlaqələrinin məhdudlaşdırılmasına yönəldir. Maliyyə naziri Skott Bessent həftənin əvvəlində İranın dünya üzrə maliyyə əlaqələrinə qarşı geniş iqtisadi təzyiq barədə xəbərdarlıq etmişdi. Son sanksiyalar bu siyasətin davam etdirildiyini göstərir.
#ABŞ
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın təzyiq siyasətinin nəticə vermədiyini anlaması və diplomatik yanaşmaya üstünlük verməsi halında Tehranla danışıqların yenidən mümkün ola biləcəyini bildirib.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin İranın neft ixracını məhdudlaşdırmaq cəhdlərinə sərt münasibət bildirib. O, İranın neft sata bilməyəcəyi təqdirdə regiondakı digər ölkələrin də neft ixracına imkan verilməyəcəyini bəyan edib.
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun hazırda İranla hər hansı danışıqlar aparmadığını və əsas diqqətin Tehrana qarşı iqtisadi təzyiqin artırılmasına yönəldiyini bildirib. Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən İranla danışıqların aparılıb-aparılmadığı ilə bağlı suala cavabında deyib ki, ABŞ Tehranla danışmaq istəmir və hazırda hər hansı görüş keçirmək niyyətində deyil. ABŞ prezidenti İranla ticari əlaqələrini davam etdirən ölkələrin də sanksiyalarla üzləşə biləcəyinə işarə edib.
ABŞ administrasiyasının Müəyyən Edilməmiş Anormal Hadisələr (UAP) üzrə Elmi Məsləhət Şurasının rəhbəri Avi Loeb bildirib ki, yerdənkənar sivilizasiyalar Yer kürəsinə səfər edəcəkləri təqdirdə insanların siyasi quruluşu və ya Ağ Evdə kimin əyləşməsi onlar üçün maraqlı olmayacaq.
ABŞ və Efiopiya arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın yeni strateji çərçivəyə keçirilməsi Vaşinqtonun Afrikanın Buynuzu regionunda artan maraqlarını və Əddis-Əbəbənin regional ambisiyalarını ön plana çıxarıb. Efiopiya ilə ABŞ arasında avqustun 21-də elan olunan yeni hərbi anlaşma iki ölkənin müdafiə əlaqələrinin dərinləşdirilməsini nəzərdə tutur. Efiopiya hərbi nümayəndə heyətinin Vaşinqtona səfərindən sonra əldə olunan razılaşma həm hərbi təlimlərin, həm də gələcəkdə müdafiə sahəsində daha geniş əməkdaşlığın əsasını yarada bilər.
ABŞ hərbçiləri ölkənin Meksika ilə sərhədi yaxınlığında narkotik kartellərinə aid olduğu bildirilən üç pilotsuz uçuş aparatını yüksək enerjili lazer silahı vasitəsilə zərərsizləşdirib. Hərbçilər həmin uçuş aparatlarının ABŞ hərbi qulluqçuları və Gömrük-Sərhəd Mühafizəsi əməkdaşları üçün “fiziki təhlükə” yaratdığını bildiriblər.
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Hörmüz boğazı məsələsində mövqeyini müsbət qiymətləndirib. O, Rusiyanın bu məsələdə kifayət qədər yaxşı davrandığını bildirib. Tramp İranın ciddi iqtisadi və maliyyə çətinlikləri ilə üzləşdiyini iddia edib. ABŞ Prezidentinin sözlərinə görə, Tehran hərbçilərinin əməkhaqqını ödəməkdə çətinlik çəkir. Tramp Vaşinqtonun vəziyyətə nəzarət etdiyini və İrana qarşı dəniz mühasirəsinin davam etdiyini bildirib. O, Hörmüz boğazından hər gün milyonlarla barel neft daşındığını iddia edib. ABŞ Prezidenti boğazın minalardan tamamilə təmizləndiyini də bildirib. Açıqlamalar Hörmüz boğazında təhlükəsizlik və enerji daşımaları ilə bağlı gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib.
Məhəmməd Baqir Qalibaf Qətərin Baş naziri ilə görüşündə ABŞ-nin İrana qarşı siyasətini tənqid edib. O, Tramp administrasiyasının yanlış məlumatlara əsaslanaraq səhv qərarlar qəbul etdiyini bildirib. Qalibaf bu siyasətin ABŞ-nin imkanlarının səmərəsiz istifadəsinə səbəb olduğunu deyib. Onun fikrincə, Vaşinqtonun addımları bölgədə sabitliyin pozulmasına gətirib çıxarır. İran parlamentinin sədri ABŞ-nin iqtisadi mühasirəsinin uğursuz olacağını vurğulayıb. Qalibaf Vaşinqtonu qarşılıqlı anlaşma sənədi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb. Açıqlamalar Qətərin Baş nazirinin Tehran səfəri çərçivəsində keçirilən görüşdə səsləndirilib. Səfər bölgədə gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdiyi bir dövrə təsadüf edir.
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin NATO ölkəsinə hücum etməyəcəyini bildirib. O, belə bir ehtimalı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən rədd edib. Tramp ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Moskvaya xüsusi xəbərdarlıq çatdırdığına dair məlumatları da şərh edib. ABŞ Prezidentinin sözlərinə görə, Retkliff Rusiyaya hər hansı xüsusi mesaj vermək üçün göndərilməyib. Tramp ABŞ və Rusiya kəşfiyyat rəhbərləri arasında vaxtaşırı görüşlərin keçirildiyini bildirib. O, son təmasda qeyri-adi heç nə olmadığını vurğulayıb. Bununla yanaşı, ABŞ və Avropa kəşfiyyat qurumları Rusiyanın Avropadakı mümkün təxribat fəaliyyətlərini uzun müddətdir izləyirlər. Qərbdə bu fəaliyyətlərin NATO-nun birliyini və Ukraynaya dəstəyi zəiflətməyə yönəldiyi düşünülür.
Nvidia ABŞ-də əməkdaşlarının maliyyələşdirəcəyi siyasi fəaliyyət komitəsi yaratmağa hazırlaşır. Yeni qurumun “NVPAC” adlandırılması nəzərdə tutulur. Komitənin əsas məqsədi şirkətin dövlət siyasəti ilə bağlı maraqlarına uyğun mövqe tutan siyasi namizədlərə maliyyə dəstəyi göstərmək olacaq. ABŞ-də iri şirkətlərin belə komitələr yaratması geniş yayılmış təcrübədir. Nvidia bu addımla ölkədə siyasi qərarlara təsir imkanlarını genişləndirməyə çalışır. Şirkətin süni intellekt və yarımkeçiricilər sahəsində artan əhəmiyyəti onun dövlət siyasəti ilə bağlı məsələlərdə maraqlarını da artırır. Meta və Alfabetə məxsus Qugl kimi digər böyük texnologiya şirkətlərinin də oxşar siyasi fəaliyyət qurumları mövcuddur. Nvidia-nın yeni komitəsinin hansı namizədləri dəstəkləyəcəyi barədə hələlik məlumat açıqlanmayıb.
Hörmüz boğazında hərəkət edən tanker naməlum mərmi ilə vurulub. Zərbədən sonra gəmidə yanğın baş versə də, alov söndürülüb. Tankerin bütün heyət üzvlərinin təhlükəsiz olduğu bildirilir. Hadisə avqustun 25-də yerli hakimiyyət orqanları tərəfindən qeydə alınıb. Tankeri hansı tərəfin və hansı vasitə ilə vurduğu hələ müəyyənləşdirilməyib. Aidiyyəti qurumlar hadisənin səbəblərini araşdırırlar. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları qurumu boğazdan keçən gəmiləri yüksək ehtiyatlılığa çağırıb. Bölgədə davam edən gərginlik fonunda Hörmüz boğazından gündəlik gəmi keçidlərinin müharibədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 95 faiz azaldığı bildirilir.