BAKI,VOA,Yusif Şərifzadə
İsrailin Baş naziri Benyamin Netanyahu İran hakimiyyətinin devrilməsini ölkəsinin qarşısında duran növbəti əsas vəzifə adlandırıb. O, bu məqsədə çatmağın mümkün olduğunu və İran hakimiyyətinin əvvəlkindən daha zəif vəziyyətdə olduğunu iddia edib.
VOA xəbər verir ki, Netanyahu bu fikirləri İsrail ordusunun yüksək vəzifəli rəhbərləri ilə görüşü zamanı səsləndirib. Görüşdə müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi Eyal Zamir və ordunun Baş Qərargahının digər yüksək vəzifəli nümayəndələri iştirak ediblər.
Netanyahu İran hakimiyyətinin hazırda zəiflədiyini və mövcudluğunu qorumaq uğrunda mübarizə apardığını iddia edib. İsrailin Baş naziri Tehrandakı hakimiyyətin devrilməsinin artıq əlçatmaz məqsəd olmadığını bildirib.
Onun sözlərinə görə, İsrailin qarşısında duran əsas məsələlərdən biri İran hakimiyyətinin yaratdığı təhlükəni birdəfəlik aradan qaldırmaqdır. Netanyahu bu məqsədə çatmağın mümkün olduğuna əminliyini ifadə edib.
İsrail mətbuatında yayılan məlumatlar göstərir ki, İran hakimiyyətinin zəiflədilməsi və onun devrilməsi üçün şəraitin yaradılması son aylarda İsrailin Tehranla bağlı əsas strateji məqsədlərindən biri kimi təqdim olunur.
Netanyahunun açıqlaması ABŞ ilə İran arasında qarşıdurmanın yenidən kəskinləşdiyi bir dövrə təsadüf edir. ABŞ-nin İrana qarşı iqtisadi və hərbi təzyiqləri davam edir, Tehran isə geri addım atmayacağını bildirir.
Netanyahunun bəyanatı İranla qarşıdurmada İsrailin məqsədinin yalnız Tehranın hərbi və nüvə imkanlarını zəiflətməklə məhdudlaşmadığını, ölkənin siyasi rəhbərliyinin dəyişdirilməsinin də gündəmdə olduğunu göstərir.