MDB Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən 83-cü iclası çərçivəsində Azərbaycan, İran və Rusiya arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumun imzalanması uzunmüddətli üçtərəfli əməkdaşlığın inkişafında və “Şimal–Cənub” marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq. Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların buraxılmasını və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur.
#Tehran
İranın paytaxtı Təhranda hava çirkliliyinin 22 faizi motosikletlərdən qaynaqlandığı açıqlanıb. Təhran Bələdiyyəsi Məclisinin sədri Mehdi Çemran bildirib ki, motosikletlərin elektriklə işləyən modellərlə əvəz edilməsi həm çirkliliyi azaltmaq, həm də təhlükəsizliyi artırmaq baxımından effektiv olacaq. İran Daxili İşlər Nazirliyinin məlumatına görə, paytaxtda 4 milyondan çox motosiklet fəaliyyət göstərir, onların 92 faizi köhnə modeldir və bir çoxunun rəsmi qeydiyyatı yoxdur.
İran prezidenti Məsud Pezeşkian bildirib ki, ölkənin BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı (SCO) və Avrasiya İqtisadi İttifaqında (EAEU) fəal iştirakı geniş regional bazarlar da daxil olmaqla əhəmiyyətli iqtisadi imkanlar yaradır. Tehranda keçirilən “Dayanıqlılıq, İnnovasiya, İnkişaf” adlı illik kapital bazarı konfransında çıxış edən Pezeşkian diplomatik əlaqələrin qonşu ölkələrlə konstruktiv münasibətləri gücləndirdiyini vurğulayıb. O, qeyd edib ki, bu proses günbəgün möhkəmlənir və İran iqtisadi fəaliyyəti asanlaşdıraraq investorları dəstəkləməyə çalışır.
İranın Xarici İşlər naziri Abbas Ərəqçi bildirib ki, Tehran Livanla ikitərəfli əlaqələri gücləndirməyə yönəlmiş dialoqa hazırdır, eyni zamanda ölkənin daxili işlərinə müdaxilə etmədiklərini vurğulayıb. O, həmçinin əlavə edib ki, “üçüncü ölkəyə ehtiyac yoxdur. Həmkarımı Tehrana dəvət edirəm, əgər məni Beyrut səfərinə dəvət etsələr, məmnuniyyətlə qəbul edəcəyəm.”
ABŞ Maliyyə Nazirliyinin yüksək səviyyəli rəsmisi Con Hirli bildirib ki, Vaşinqton Livanda yaranmış yeni şəraitdən istifadə edərək İranın “Hizbullah”a maliyyə dəstəyini dayandırmaq və təşkilatı silahı yerə qoymağa məcbur etmək istəyir.
İranın xarici işlər naziri Abbas Arakçi ABŞ-la danışıqların hazırda mümkün olmadığını açıqlayıb. O bildirib ki, Vaşinqtondan “müsbət və konstruktiv siqnallar” gəlmədiyi üçün Tehran masaya qayıtmaq niyyətində deyil. Arakçinin sözlərinə görə, yalnız ABŞ bərabər şərtlərlə danışıqlara hazır olsa, qarşılıqlı faydalı razılaşma əldə etmək mümkündür.
İran Prezidenti Məsud Pezeşkian paytaxt Tehran üçün ciddi su qıtlığı xəbərdarlığı edib. Prezident bildirib ki, yaxın günlərdə yağış yağmasa, gələn aydan etibarən şəhərdə su kəsintiləri tətbiq olunacaq. Əgər bu tədbirlər də kifayət etməzsə, Tehranı boşaltmaq məcburiyyətində qalacaqlarını deyib. “Yağış yağmazsa, gələn aydan etibarən Tehranda su məhdudlaşdırmasına gedəcəyik. Bundan sonra da yağış olmazsa, suyumuz tükənəcək və Tehranı təxliyə etməyə məcbur olacağıq,” – deyə Pezeşkian bildirib.
İraqda seçkilər ərəfəsində Baş nazir Məhəmməd Şiə əs-Sudaninin yenidən hökumət başçısı kimi qalmaq ehtimalı siyasi dairələrdə əsas müzakirə mövzusudur. “İnşaat və İnkişaf Alyansı” əs-Sudani üçün ikinci müddətin mümkün olduğunu bildirir, lakin Koordinasiya Çərçivəsi daxilində nüfuzlu siyasi fiqurlar bunun real olmadığını düşünür. Səbəb kimi şiə siyasi bloklarında illərdir tətbiq edilən daxili razılaşma mexanizmi göstərilir. Bu mexanizm Baş nazir seçiminin parlament çoxluğu ilə deyil, siyasi razılıq əsasında formalaşdığını göstərir.
İranın son vaxtlar İraq səhnəsində səssiz və strateji manevr həyata keçirdiyinə dair ardıcıl işarələr görünür. Məqsəd son dövrdə onun regional qollarına endirilən ağır İsrail zərbələrindən sonra sarsılmış təsirini bərpa etməkdir.
İran İslam Respublikası Sudanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha bəyan edib. Əraqçi Sudanın Darfur bölgəsində yerləşən Əl-Fəşir şəhərində son günlərdə mülki əhaliyə qarşı həyata keçirilən hücumları pisləyib və dinc sakinlərin ölümü ilə nəticələnən zorakılıqlardan narahatlıq ifadə edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, İranın Xarici İşlər nazirinin müavini Kazim Qəribabadi Əfqanıstana səfər edərək iki ölkə arasındakı münasibətlərin gündəliyində olan bir sıra məsələləri, o cümlədən sərhəd təhlükəsizliyini müzakirə edib. Bəqai bu açıqlamanı Tehranda keçirdiyi həftəlik mətbuat konfransında verib. O qeyd edib ki, Qəribabadinin səfəri sərhəd təhlükəsizliyi, su hüquqları, həmçinin hüquqi və məhkəmə əməkdaşlığı kimi mövzuların müzakirəsinə həsr olunub. Bu üç məsələ müvafiq Əfqan rəsmiləri ilə görüşlərdə xüsusi diqqətə alınıb.
Dördüncü İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Daxili İşlər Nazirlərinin iclası İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə Tehranda öz işinə başlayıb. Tədbir 15 illik fasilədən sonra Tehrandakı Sammit Konfrans Mərkəzində keçirilir. Görüş, İran hökumətinin qonşu ölkələrlə əməkdaşlığı genişləndirmək və regional əlaqələri möhkəmləndirmək siyasəti çərçivəsində təşkil olunub.