"Yalnız indi Marko Rubio ilə telefon danışığını bitirdim. O mənə bildirdi ki, Nikolas Maduro ABŞ-ın hərbi qüvvələri tərəfindən cinayət ittihamları üzrə məhkəmə araşdırmasının aparılması üçün saxlanılıb və bu gün müşahidə etdiyimiz hərbi tədbirlər həbs orderini icra edənlərin qorunması üçün həyata keçirilib"- bu açıqlama ABŞ senatoru, respublikaçı Mayk Li tərəfindən paylaşılıb.
#ABŞ Venesuela əməliyyatı
ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatın uğurla başa çatdığını, ölkə prezidenti Nikolas Maduro və onun həyat yoldaşının əməliyyat zamanı ələ keçirilərək ölkə xaricinə çıxarıldığını açıqlayıb. Donald Tramp Truth Social hesabında paylaşdığı açıqlamada ABŞ silahlı qüvvələrinin Venesuelada planlaşdırılmış hərbi əməliyyatı tamamladiğını bildirib.
ABŞ Federal Aviasiya İdarəsi (FAA) Venesuela paytaxtı Karakasda baş verən partlayışlar və "davam edən hərbi fəaliyyətlər" səbəbindən Venesuela hava sahasında ABŞ ticarət uçuşlarını müvəqqəti olaraq dayandırıb. FAA açıqlamasında bu qərarın səbəbi kimi ölkədə davam edən hərbi əməliyyatlar göstərilib. Venesuela hökuməti tərəfindən yayımlanan yazılı açıqlamada ABŞ-ın Karakas, Miranda, Aragua və La Guaira əyalətlərindəki sivil və hərbi obyektlərə qarşı həyata keçirdiyi iddia olunan hücumlar "qətiyyətlə rədd edilir və pislənir" deyə bildirilib.
Venesuela Prezidenti Nikolas Maduro ölkədə fövqəladə vəziyyət elan edən qərar imzalayıb. Bu qərarla birlikdə hökumət xalqı, ordu və polisi tammiqyaslı səfərbərliyə çağırıb. Venesuela Xarici İşlər Nazirliyinin məlumatına görə, prezident Maduro bütün milli müdafiə planlarının işə salınmasını tapşırıb. Nazirlik son hücumların arxasında ABŞ-ın dayandığını iddia edərək, paytaxt Karakas da daxil olmaqla yaşayış məntəqələri, sivil və hərbi obyektlərin hədəfə alındığını bildirib.
Kolumbiya Prezidenti Qustavo Petro sosial media hesabında verdiyi açıqlamada, Venesuela paytaxtı Karakasın raket hücumları ilə bombalandığını bildirib. Prezident Petro dünya ictimaiyyətinə çağırış edərək, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Amerika Dövlətləri Təşkilatının (OEA) bu hücumlara dərhal reaksiya verməsi üçün toplanmasını tələb edib. “Hazırda Karakas bombardmana məruz qalır, Venesuela hücum altındadır.” - deyə Petro qeyd edib.
Bu günü Venesuelanın paytaxtı Karakasda təyyarələrin uçuş səsi, güclü partlayışa bənzər gurultular və ən azı bir tüstü sütunu müşahidə olunub. Məlumata görə, şəhərin əsas hərbi bazalarından birinin yerləşdiyi cənub bölgəsində elektrik enerjisi kəsilib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun hakimiyyətdən getməsi üçün təzyiqləri artırmaq məqsədilə bu ölkədə quru əməliyyatları aparılacağına dair dəfələrlə vədlər verib. Bu təzyiqlərə genişləndirilmiş sanksiyalar, regionda ABŞ hərbi mövcudluğunun gücləndirilməsi, eləcə də Sakit okean və Karib dənizində narkotik qaçaqmalçılığında iştirak etdiyi iddia olunan gəmilərə qarşı iki ondan çox zərbənin endirilməsi daxildir.
Venesuela Prezidenti Nikolas Maduro ABŞ administrasiyasının təzyiqləri və hərbi əməliyyatları davam etdirdiyi bir vaxtda Karakasın narkotik qaçaqmalçılığı ilə mübarizə məsələsində Vaşinqtonla konstruktiv dialoqa hazır olduğunu bəyan edib. Maduro, ABŞ ilə bu sahədə razılaşma üzrə danışıqlara açıq olduqlarını bildirib, lakin ötən həftə Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Venesueladakı bir limana təşkil etdiyi iddia edilən pilotsuz uçuş aparatı hücumu ilə bağlı şərh verməkdən imtina edib.
Venesuela Prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən Bolivarcı İcma Komandanlarının andiçmə mərasimində çıxışı zamanı rəqs edərək ABŞ-a “sülh” çağırışı edib. Tədbir hakim Birləşmiş Sosialist Partiyası tərəfindən təşkil olunub. Mərasimdə öz sözlərinin remiks edilmiş versiyasının müşayiəti ilə rəqs edən Maduro, “Müharibə? Qətiyyən yox. Müharibəyə yox, xahiş edirəm sülh olsun”, – deyərək Venezuela hökumətinin gərginlik deyil, dialoq istədiyini bildirib.
ABŞ Daxili Təhlükəsizlik naziri Kristi Noem, məhkəmə qərarına baxmayaraq, Venezuelalı miqrantların El Salvadora deportasiyası əmri verdiyini təsdiqləyib.NBC News-un “Meet the Press” proqramına müsahibəsində Noem bildirib ki, deportasiya uçuşlarının davam etdirilməsi qərarı onun öz səlahiyyətindədir. “Noem bildirib ki, deportasiya qərarlarının harada və nə vaxt icra olunacağı Daxili Təhlükəsizlik Nazirliyində mənim səlahiyyətimdədir. Təhlükəli cinayətkarların ölkədən çıxarılmasını təmin etmək üçün doğru olanı etməyə davam edəcəyik”, – deyə o qeyd edib.
Venesuela vitse-prezidenti Delsi Rodriges ABŞ-ın Karib dənizindəki hərbi hərəkətliliyini “ölkəni 51-ci ştat etməyə yönəlmiş təzyiq” kimi qiymətləndirib. O, Karakasda çıxış edərək Venesuelanın müstəqil qalmaqda qətiyyətli olduğunu bildirib. Daxili İşlər Naziri Diosdado Kabelyo isə mümkün hərbi müdaxilə ehtimalına qarşı hazırlıqların davam etdiyini açıqlayıb. ABŞ-ın narkotiklə mübarizə adı altında bölgəyə döyüş gəmiləri və USS Gerald R. Ford təyyarədaşıyanını göndərməsi həm Venesuelada, həm də beynəlxalq ictimaiyyətdə narazılıq doğurub.
ABŞ Prezidenti Donald Tramp, Venesuela ilə bağlı yeni açıqlamalarında Prezident Nikolas Maduro ilə müəyyən səviyyədə təmasların ola biləcəyini bildirib. Floridadakı istirahətindən Vaşinqtona dönərkən jurnalistlərin suallarını cavablandıran Tramp, “Maduro ilə bəzi görüşmələr aparır ola bilərik və bunun necə nəticələnəcəyini görəcəyik. Onlar danışmaq istəyirlər,” deyə qeyd edib. Venesuela ilə bağlı yeni irəliləyiş olub-olmaması barədə suala isə Tramp “Xeyr, yoxdur,” cavabını verib.
İran Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuela sahilləri yaxınlığında artan hərbi fəaliyyətlərini beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ-ın bölgədəki hərbi addımları, o cümlədən balıqçı gəmilərinə təkrar hücumlar və Venesuelaya qarşı güc tətbiqi ilə hədələmələr, beynəlxalq münasibətlərdə zor tətbiq etməmək prinsipinə ziddir.