ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşdığı açıqlamada hücumu təsdiqləyib. O bildirib ki, əməliyyatın həyata keçirilməsi barədə əmri müdafiə naziri Pit Hegset verib. Trampın sözlərinə görə, kəşfiyyat məlumatları qayığın “narkotik qaçaqmalçılığı və beynəlxalq narko-terror şəbəkələri ilə əlaqəsi olduğunu” göstərib. Lakin bu iddianı təsdiqləyən heç bir sübut təqdim olunmayıb.
#ABŞ Venesuela əməliyyatı
ABŞ Prezidenti Donald Trampın, Venesuela hökuməti ilə aparılan diplomatik əlaqələri dayandırmaq əmri verdiyi iddia edilib. Trampın Venesuela hökuməti ilə diplomatik təmasları həyata keçirən Riçard Qrenellə, Venesuela Prezidenti Nikolas Maduro ilə aparılan danışıqlar da daxil olmaqla, bütün əlaqələrin dayandırılması barədə göstəriş verdiyi bildirilib. Xəbərdə qeyd olunub ki, Tramp, Maduronun ABŞ-ın “hakimiyyətdən könüllü şəkildə get” tələbinə cavab verməməsindən və Venesuelalı rəsmilərin “narkotik qaçaqmalçılığı ilə əlaqələrinin olmadığı” yönündəki iddialarından getdikcə daha çox məyus olub.
Venesuela Dövlət Başçısı Nikolas Maduro milli müdafiə sistemini gücləndirmək məqsədilə Milli Bolivarcı Milis Qüvvələrinin genişləndirilməsi üçün yeni səfərbərlik elan edib. Maduro ABŞ-ın Karib hövzəsində artırdığı hərbi mövcudluğunu əsas gətirərək milis qüvvələrinin daha da gücləndirilməsi barədə yeni qərarlar açıqlayıb. Maduro ölkə üzrə ilk dəfə olaraq 15 min 751 xalq müdafiə bazasının və 5 min 336 kommunal milis biriminin səfərbər ediləcəyini bildirib. Venesuela Dövlət başçısı Maduro rəqəmsal platforma vasitəsilə vətəndaşların milis qüvvəsinə yazılmağa davam etdiyini qeyd edərək, illərdir təhsil almış təxminən 4.5 milyon nəfərlik "güclü baza"nın yanında könüllülərlə birlikdə bu sayın 8 milyonu aşmasının gözlənildiyini söyləyib.
ABŞ prezidenti Donald Tramp Karib dənizinin cənubunda Venesueladan çıxış edən sürət qayığına qarşı həyata keçirilən hərbi əməliyyat nəticəsində “Tren de Aragua” qrupuna məxsus 11 nəfərin öldürüldüyünü açıqlayıb. Yayımladığı mesajında hücumun beynəlxalq sularda baş verdiyini və əməliyyatda ABŞ hərbçilərinin itki vermədiyini bildirib.