Türkiyənin ticarət naziri Ömər Bolat, regionda baş verən və qlobal təsirləri hiss edilən son hadisələr fonunda Türkiyə-İran sərhədindəki gömrük qapıları ilə bağlı rəsmi açıqlama yayıb. Nazir bildirib ki, Türkiyənin İran ilə olan gömrük məntəqələrindəki vəziyyət gömrük təşkilatı tərəfindən anbaan izlənilir və hərtərəfli qiymətləndirilir. Hazırda Türkiyə-İran sərhədində yerləşən Ağrı - Gürbulak, Van - Kapıköy və Hakkari - Esendere gömrük qapılarında hər hansı fövqəladə vəziyyət yaşanmır. Nazir Bolatın sözlərinə görə, hər üç məntəqədə ticari yüklərin keçidi İran tərəfi ilə koordinasiyalı şəkildə və nəzarət altında fasiləsiz davam etdirilir. Lakin təhlükəsizlik tədbirləri çərçivəsində sözügedən üç gömrük qapısında gündəlik sərnişin keçidləri qarşılıqlı olaraq dayandırılıb.
#İsrail və İran
İranın Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricani, Vaşinqtonla müzakirələri yenidən başlatmaq təşəbbüsü ilə çıxış etdiyi barədə iddiaları təkzib edərək, ABŞ ilə heç bir danışıqlar aparmayacaqlarını bəyan edib. Laricani sosial media hesabından etdiyi açıqlamada "Wall Street Journal" (WSJ) qəzetinin onun Oman Sultanlığı vasitəsilə Vaşinqtonla əlaqə qurmağa çalışdığı barədə xəbərinə reaksiya verib. O, bu iddiaları paylaşaraq qısa və kəskin şəkildə "ABŞ-la müzakirə aparmayacağıq" ifadəsini işlədib.
ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibədə İranla bağlı son hərbi əməliyyatların gedişatı haqqında mühüm açıqlamalar verib. Tramp bildirib ki, ABŞ və İsrail tərəfindən həyata keçirilən bombardmanlar nəticəsində 48 İranlı lider öldürülüb. Prezident əldə olunan nəticəni böyük uğur adlandıraraq, tək bir zərbə ilə bu qədər rəhbər şəxsin məhv edilməsinin inanılmaz olduğunu və prosesin sürətlə irəlilədiyini vurğulayıb.
ABŞ Prezidenti Donald Tramp bir az əvvəl dünya gündəmini sarsıdan rəsmi bəyanatla çıxış edib. Tramp Birləşmiş Ştatların İrana qarşı genişmiqyaslı hərbi müdaxiləyə başladığını elan edib. Prezident Tramp çıxışında bu ifadələri işlədib: "Bir az əvvəl İranda genişmiqyaslı döyüş əməliyyatlarına başladıq. Məqsədimiz İran rejimindən gələn qaçılmaz təhdidləri aradan qaldırmaqla Amerika xalqını müdafiə etməkdir." Bu bəyanat ABŞ-ın Orta Şərq siyasətində yeni və birbaşa hərbi toqquşma mərhələsinə keçdiyini rəsmən təsdiqləyir.
İranın rəsmi və yerli media resurslarının yaydığı təcili məlumata görə, ölkənin şimal-qərbində yerləşən Təbriz şəhərində güclü partlayış səsləri eşidilib. İlkin məlumatlara görə, partlayışlar şəhərin müxtəlif hissələrində hiss olunub və əhali arasında narahatlığa səbəb olub. Partlayışların dəqiq koordinatları, səbəbləri və hər hansı tələfatın olub-olmaması barədə hələlik rəsmi izahat verilməyib. Təbrizin strateji əhəmiyyətini nəzərə alaraq, hadisə yerinə təhlükəsizlik qüvvələrinin cəlb edildiyi bildirilir.
"Reuters" xəbər agentliyi yüksək rütbəli bir İran rəsmisinə istinadən xəbər verir ki, İsrail və ABŞ-ın birgə həyata keçirdiyi hava zərbələri zamanı paytaxt Tehranın cənub hissəsində yerləşən bir neçə nazirlik binası hədəf alınıb. Mənbənin bildirdiyinə görə, zərbələr dövlət idarəçiliyi və təhlükəsizlik koordinasiyasında mühüm rol oynayan hökumət binalarını vurub. Tehranın cənub rayonlarında baş verən bu partlayışlar dövlət aparatının mülki və hərbi logistika qanadlarını iflic etmək məqsədi daşıyıb. Hazırda zədələnmiş nazirliklərin dəqiq siyahısı və itkilərin miqyası rəsmi orqanlar tərəfindən dəqiqləşdirilir.
İsrail İrana qarşı "qabaqlayıcı zərbə" endirdiyini açıqladı. İranın paytaxtı Tehranda partlayış səslərinin eşidildiyi bildirilir.İsrail müdafiə nazirliyinin verdiyi açıqlamada İran ərazisində ümumilikdə ondan çox hərbi obyektin vurulduğu bildirilib. Hadisə ilə bağlı açıqlama verən İsrailin müdafiə naziri İsrael Kats ölkə daxilində fövqəladə vəziyyət elan edildiyini bəyan edib.
İranın paytaxtı Tehranda İsrail xeyrinə casusluqda ittiham olunan Əli Ərdəstani edam edilib. Ali Məhkəmənin təsdiqi və bütün hüquqi prosedurların icrasından sonra Ərdəstaninin Mossadın xeyrinə casusluq etməsi və ölkə ilə bağlı həssas məlumatları xaricə ötürməsi ittihamı üzrə çıxarılan edam hökmü icra olunub. Onilliklərdir İran ilə İsrail arasında davam edən gizli qarşıdurma fonunda Tehran indiyədək Mossad ilə əlaqədə ittiham olunan bir sıra şəxsləri edam edib.
İran Prezidenti Məsud Pezeşkian, ABŞ və İsrail liderlərinin İran'a yenidən hücum etmə ehtimalına dair açıqlamalarına sərt reaksiya verib. Bu barədə Pezeşkian, sosial media platforması X-də yayımladığı yazılı açıqlamada bildirib. "İran İslam Respublikası hər cür zalımca hücuma qarşı cavabını sərt və peşmanlıq doğuracaq şəkildə verəcəkdir" deyib. Açıqlama, İsrail Baş Naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Tramp ilə dünənki görüşündən sonra gəlib. Tramp, İsrailin İrana qarşı ehtimal olunan hücum planları ilə bağlı suallara cavab verərək, "Onlar (İran) edəcəklərinin nəticələrini bilirlər. Nəticələr çox ağır olacaq, bəlkə də keçən dəfəkindən daha ağır. İran, keçən dəfə onlara seçim təklif edəndə bizimlə razılaşmalıydılar" ifadələrini istifadə edib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Suriya prezidenti Əhməd əl-Şəraa ilə İsrailin baş naziri Beniyamin Netanyahu arasında razılaşmanın əldə olunması üçün çalışacaq. Bununla yanaşı, Tramp HƏMAS-ı silahdan imtina etmədiyi təqdirdə ağır nəticələrlə, İranı isə nüvə proqramını bərpa etməyə cəhd göstərərsə yeni hücumlarla hədələyib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi İraqın Tehran və Vaşinqton arasında dialoqu təşviq etmək səylərini müsbət qiymətləndirdiklərini bildirib. O qeyd edib ki, istənilən danışıqlar prosesi effektiv və real nəticələr verməsi üçün müəyyən edilmiş diplomatik prosedurlara uyğun aparılmalıdır. Bəqayi Tehranda keçirilən həftəlik mətbuat konfransında diplomatiyanın İranın milli maraqlarının qorunmasında əsas vasitələrdən biri olduğunu və faydalı olduğu hallarda bu alətdən istifadə olunacağını vurğulayıb.
İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin əməliyyat üzrə müavini, briqada generalı Rza Xace, İran qüvvələrinin İsrail rejimi ilə 12 günlük müharibədə 196 düşmən təyyarəsi və dronunu vurduğunu açıqlayıb. O, bu müharibəni NATO və Qərb texnologiyası ilə birbaşa qarşıdurma kimi xarakterizə edib. Xace bildirib ki, hava müdafiəsi şəbəkəsi, həm Ordu, həm də İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) bölmələrini əhatə etməklə, heç dayanmadan fəaliyyət göstərib. O əlavə edib ki, müharibədə ən azı 33 ölkə İsrailə yardım edib.