#ABŞ-İran dialoqu

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ABŞ Prezidenti Donald Tramp ilə əlaqələndirilən razılaşmanın İsraili bağlamadığını bəyan edib. Ben-Qvir əlavə edib ki, Hizbullahın tamamilə zərərsizləşdirilməsindən daha az nəticə ilə razılaşmaq olmaz. O, həmçinin İsrail qüvvələrinin nəzarətə götürdüyü ərazilərdən geri çəkilməyə qarşı olduğunu vurğulayıb.

İran Xarici İşlər Naziri Abbas Əraqçi ABŞ-ın “ziddiyyətli və həddindən artıq davranışlarını” diplomatik proseslərdə ciddi maneə hesab edib. Əraqçi Pakistan Daxili İşlər Naziri Mohsin Naqvi ilə görüşündə keçmişdəki vədlərin pozulmasının Tehranın ABŞ-a qarşı dərin etimadsızlığının səbəbi olduğunu vurğulayıb.

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin əvvəlki danışıqlar prosesində ABŞ və İsrailin hücumlarına məruz qaldığını xatırladaraq, bənzər cəhdlərin təkrarlanma ehtimalının hələ də qaldığını bildirib. "Fars" xəbər agentliyinin məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub. Regional məsələlərin və ikitərəfli əlaqələrin müzakirə edildiyi görüşdə Pezeşkian rəsmi Tehranın münaqişələri dialoq və diplomatiya yolu ilə həll etmək tərəfdarı olduğunu vurğulayıb. Lakin o, acı təcrübəni də diqqətə çatdırıb: "İran məsuliyyət hissi çərçivəsində ixtilafları hər zaman diplomatiya yolu ilə həll etməyə çalışıb. Lakin danışıqlar getdiyi bir vaxtda ABŞ və İsrail iki dəfə İrana hücum etdi. Belə bir addımın yenidən atılma ehtimalı var".

ABŞ Prezidenti Donald Trampın İranın limanlarına qarşı tətbiq edilən dəniz blokadasının müddətini uzatmaq barədə məsləhətçilərinə tapşırıq verməsi həm regional hərbi gərginliyi, həm də qlobal enerji bazarlarını yeni mərhələyə daşıyıb. "Wall Street Journal"ın (WSJ) ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Tramp bu addımla Tehranı nüvə proqramında ciddi güzəştlərə məcbur etmək və ölkənin iqtisadi resurslarını tamamilə tükəndirmək niyyətindədir.

Son 72 saat ərzində aparılan peyk müşahidələrinə görə, İrana məxsus 52 gəmi ABŞ ordusunun yaratdığı dəniz blokadası xəttini keçərək hərəkət edib. Fars Xəbər Agentliyinin dünən gecə yerel saatla 22:00-a qədər olan məlumatlarına istinadən bildirdiyinə görə, bu gəmilərdən 31-i neft tankeri, 21-i isə müxtəlif yük gəmiləridir. Eyni zamanda, strateji Hörmüz boğazından keçən cəmi 30 gəmidən 11-nin (6 neft tankeri və 5 yük gəmisinin) birbaşa İrana aid olduğu qeydə alınıb.

Bəhreyn Krallığında fəaliyyət göstərən Ali Cinayət Məhkəməsi milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərlə bağlı genişmiqyaslı məhkəmə prosesini yekunlaşdırıb. Məhkəmənin qərarı ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlbir olaraq strateji əhəmiyyətli obyektləri izləməkdə və fotoşəkillərini çəkməkdə təqsirli bilinən iki əfqan və üç Bəhreyn vətəndaşına ömürlük həbs cəzası verilib. Prokurorluq xarici düşmən qurumlarla əməkdaşlığın dövlət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu bəyan edib.

İran bağlantılı "Handala" haker qrupu Bəsrə körfəzi bölgəsində xidmət edən 2 min 379 ABŞ dəniz piyadasına məxsus məxfi kimlik məlumatlarını ələ keçirərək paylaşdığını iddia edib. Hakerlər tərəfindən yayımlanan bəyanatda ABŞ komandirlərinin təhlükəsizlik barədəki açıqlamalarının bir "yanılsama" olduğu vurğulanıb. Qrup iddia edir ki, əllərindəki məlumatlar yalnız hərbçilərin ad və soyadları ilə məhdudlaşmır; buraya əsgərlərin ailə üzvləri, ev ünvanları, xidmət etdikləri bazalar, gündəlik hərəkət marşrutları, alış-veriş vərdişləri və hətta asudə vaxtlarını necə keçirdiklərinə dair detallı informasiyalar daxildir.

ABŞ Prezidenti Donald Tramp sosial media hesabı vasitəsilə İranla bağlı dünya gündəmini sarsıdan bir iddia irəli sürüb. Trampın bəyanatına görə, Tehran rəhbərliyi artıq daxili və xarici təzyiqlərə tab gətirə bilmir və rəsmi şəkildə ABŞ-a ölkənin hazırda "çöküş mərhələsində" olduğunu bildirib.

28 aprel 2026-cı ildə Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının iclasında iştirak edən İranın Müdafiə nazirinin müavini Rza Təlayi Nik beynəlxalq münasibətlərdə güc balansının dəyişdiyini bəyan edib. O, ABŞ-ın dünya siyasətini təkbaşına diktə etmək qabiliyyətini itirdiyini və Vaşinqtonun qeyri-qanuni tələblərindən vaz keçmək məcburiyyətində olduğunu vurğulayıb.

BMT-nin Baş katibi Antonio Quterreş Hörmüz boğazındakı gəmi hərəkətinin məhdudlaşdırılmasının qlobal qida böhranını tətikləyə biləcəyi barədə xəbərdarlıq edərək, dünya iqtisadiyyatının "nəfəs alması" üçün boğazın dərhal açılmasına çağırıb. BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı o bildirib ki, dəniz yollarının təhlükəsizliyi hazırda beynəlxalq nizam üçün ciddi bir sınağa çevrilib.