BAKI,VOA, Fərid Mikayılov
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ni Yaxın Şərqdə təhlükəsizliyin pozulmasına səbəb olan əsas xarici aktorlardan biri adlandırıb. O bildirib ki, region ölkələri təhlükəsizliyin ABŞ-nin iştirakı ilə təmin edilə biləcəyi düşüncəsinə arxalanmamalıdır.
VOA xəbər verir ki, İsmayıl Bəqai açıqlamasında Yaxın Şərqin regiondan kənar qüvvələrin müdaxiləsinə ehtiyac duymadığını bildirib. Onun sözlərinə görə, baş verən son proseslər bu məsələyə daha ciddi diqqət yetirilməsinin zəruriliyini göstərir.
“Bu regionun kənar oyunçulara ehtiyacı yoxdur və baş verənlər özlüyündə diqqət çəkməlidir”, – deyə Bəqai bildirib.
İran XİN sözçüsü qeyd edib ki, regionda təhlükəsizliyin ABŞ vasitəsilə təmin edilə biləcəyi düşüncəsi yanlış yanaşmadır.
“Region ABŞ vasitəsilə təhlükəsizliyə nail olmağın mümkün olduğu illüziyası altında qalmamalıdır. ABŞ regiondakı təhlükəsizliyin pozulmasının bir hissəsidir”, – Bəqai vurğulayıb.
İran rəsmisi Vaşinqtonu İsrailə siyasi və təhlükəsizlik sahələrində dəstək verməkdə də ittiham edib. Onun iddiasına görə, məhz ABŞ-nin dəstəyi İsrailin regionda hərbi əməliyyatlarını davam etdirməsinə şərait yaradır.
Bəqai bildirib ki, ABŞ-nin siyasi və təhlükəsizlik dəstəyi olmadan İsrail həyata keçirdiyi əməliyyatları bu miqyasda davam etdirə bilməzdi. O, həmçinin İsrailin hərəkətlərinə görə məsuliyyətə cəlb olunmasının qarşısının alındığını iddia edib.