BAKI,VOA,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib. Görüşdə Livan-İsrail münasibətləri və Hizbullahın silahsızlaşdırılması məsələlərinin müzakirə olunacağı gözlənilir.
VOA xəbər verir ki, Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, Donald Tramp Ağ Evin girişində Livan Prezidenti Cozef Aunu qarşılayıb.
Görüş zamanı iki ölkə arasındakı münasibətlər, Livanın təhlükəsizlik vəziyyəti və bölgədəki proseslərin müzakirə olunacağı ehtimal edilir. Tərəflərin xüsusilə Livan hökumətinin Hizbullahın silahsızlaşdırılması istiqamətində atdığı addımlara diqqət ayıracağı gözlənilir.
Cozef Aun şənbə günündən etibarən ABŞ-da səfərdədir. O, səfər çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio ilə də görüş keçirib.
Livan prezidentinin Vaşinqton səfəri ölkədə siyasi və təhlükəsizlik məsələlərinin gündəmdə olduğu bir vaxtda baş tutur. ABŞ isə Livanda dövlət institutlarının gücləndirilməsi və təhlükəsizlik sektorunda islahatların həyata keçirilməsini dəstəklədiyini bildirir.