#ABŞ İran toqquşması

“Bloomberg” agentliyi diplomatik mənbələrə istinadən xəbər verir ki, ABŞ və İran tərəfləri mövcud atəşkəsin daha iki həftə müddətinə uzadılmasını müzakirə edirlər. Mənbənin sözlərinə görə, bu addım tərəflərə sülh sazişi üzərində danışıqları davam etdirmək üçün əlavə vaxt qazandırmaq məqsədi daşıyır. Məlumatda qeyd olunur ki, İslamabadda başlayan birbaşa danışıqlar hələ ilkin mərhələdədir və tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Buna baxmayaraq, müvəqqəti atəşkəsin uzadılması həm regional sabitlik, həm də enerji bazarlarının qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Pakistanın Baş Qərargah rəisi marşal Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-ın ismarışını çatdırmaq və iki ölkə arasında danışıqların ikinci raundunu planlaşdırmaq məqsədilə İrana yola düşdüyü bildirilib. İranın "Mehr" xəbər agentliyinin məlumatına görə Pakistanın yüksək rütbəli hərbi heyəti artıq İslamabaddan Tehrana hərəkət edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranda keçirdiyi həftəlik mətbuat konfransında ABŞ ilə aparılan sülh müzakirələri çərçivəsində bu gün Pakistandan olan nümayəndə heyətini qəbul edəcəklərini bildirib. Sözçü qeyd edib ki, Pakistandakı danışıqların əsas məqsədi müharibənin dayandırılması və İranın tələblərinin müzakirə edilməsidir. Görüş zamanı tərəflərin mövqelərinin təfərrüatlı şəkildə nəzərdən keçiriləcəyi vurğulanıb.

İran rəhbərliyi regiondakı gərginlik fonunda növbəti sərt mesajını verib. Məlumata əsasən, o, bu fikirləri Tehranda təcili xidmətlər mərkəzinə səfəri zamanı səsləndirib və beynəlxalq münasibətlərdə ikili standartları tənqid edib. Qeyd olunub ki, Pezeşkian ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarını beynəlxalq hüquqa zidd adlandırıb və mülki əhalinin hədəfə alınmasını pisləyib.

Səudiyyə Ərəbistanı son 48 saat ərzində regional gərginliyi azaltmaq və mövqeləri koordinasiya etmək məqsədilə diplomatik fəaliyyətlərini genişləndirib. Səudiyyə Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan İslamabadda ABŞ və İran arasında keçirilən danışıqlardan sonra bir sıra intensiv siyasi məsləhətləşmələr aparıb. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi indiyədək ictimaiyyətə açıqlanan doqquz diplomatik təmasın baş tutduğunu bildirib. Proses bazar ertəsi nazirin pakistanlı həmkarı İshaq Dar ilə apardığı telefon danışığı ilə başlayıb. Tərəflər Pakistanın vasitəçilik səylərini dəstəklədiklərini və bölgədə onilliklərdir davam edən qeyri-sabitliyi aradan qaldıracaq qalıcı razılaşmanın vacibliyini vurğulayıblar.

Azərbaycan ABŞ ilə tərəfdaşlığını Asiya və Avropa arasında nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi üçün əsas layihələrin irəliləməsində əsas amil kimi görür. Bunu Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiya mediasına müsahibəsində bildirib. "Donald Trampın ikinci prezidentlik müddəti Azərbaycanla ikitərəfli münasibətlərdə yeni bir fəsil açdı. Bu gün demək olar ki, bu münasibətlər keyfiyyət və miqyas baxımından zirvəyə çatıb", -o deyib.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə İranın Xarici İşlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Türkiyə Xarici İşlər Nazirliyindəki diplomatik mənbələrdən əldə edilən məlumata görə, tərəflər regional sabitlik üçün kritik əhəmiyyət kəsb edən məsələləri ətraflı müzakirə ediblər. Danışıqlar zamanı əsas diqqət İran və ABŞ nümayəndə heyətləri arasında davam edən sülh müzakirələrinə və bu prosesdəki son vəziyyətə yönəlib.

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Hörmüz boğazını blokadaya almaq cəhdini təhlükəli və məsuliyyətsiz addım kimi qiymətləndirib. Nazirliyin sözçüsü Quo Ciakun Pekində keçirilən mətbuat konfransında bildirib ki, tərəflər arasında müvəqqəti atəşkəs qüvvədə olduğu bir vaxtda ABŞ-ın hərbi gücünü artırması və boğazı hədəf alması gərginliyi daha da yüksəldir. Sözçü vurğulayıb ki, bu addım yalnız qarşıdurmanı dərinləşdirir və regionda onsuz da kövrək olan atəşkəs rejimini təhlükə altına qoyur.

İranın Daxili İşlər naziri İskəndər Mumini ölkənin sərhəd bölgələrində vəzifə yerinə yetirən vilayət rəhbərlərinə müraciət edib. Nazir 16 sərhəd valisindən ABŞ-ın dəniz blokadası təhdidini təsirsiz hala gətirmək üçün onlara verilən səlahiyyətlərdən tam istifadə etmələrini istəyib. Mumini bildirib ki, vilayət rəhbərlərinə əlaqədar nazirliklərlə koordinasiyalı şəkildə hərəkət edərək əsas ehtiyac mallarının idxal və ixracı prosesini sürətləndirməlidirlər.