#ABŞ İran toqquşması

Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan şənbə günü Antalyada türkiyəli həmkarı Hakan Fidan, Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar və Misirin xarici işlər naziri Bədr Abdelatti ilə dördtərəfli görüşdə iştirak edib. Beşinci Antalya Diplomasi Forumu çərçivəsində keçirilən bu görüş regionda artan gərginliyin azaldılmasına yönəlmiş diplomatik səylərin tərkib hissəsidir.

Hindistan Xarici İşlər Nazirliyi İranın ölkədəki səfirini nazirliyə çağırdığını açıqlayıb. Bu addım bu gün Hörmüz boğazında Hindistan bayrağı altında üzən iki gəmiyə atəş açılması hadisəsi ilə bağlıdır. Hindistan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, rəsmi Yeni Deli Hörmüz boğazı kimi həyati əhəmiyyətli su yolunda ticarət gəmilərinin hədəf alınmasından ciddi narahatlığını bildirib. Diplomatik etiraz zamanı gəmilərin və heyətin təhlükəsizliyinin təmin olunması tələb edilib.

İran bizə şantaj edə bilməz. Onlar boğazı yenidən bağlamaq cəhd etdilər. Bu sözləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bildirib. O, Tehran rəhbərliyinin hərəkətlərini "şantaj" cəhdi kimi qiymətləndirib. ABŞ lideri İranın Hörmüz boğazını yenidən bağlamaq cəhdi ilə bağlı bu bəyanatı rəsmi sosial media hesabı vasitəsilə paylaşıb.

İran Hörmüz boğazının yenidən bağlandığını açıqlayıb. Açıqlamaya əsasən, Hörmüz boğazı yenidən İran Silahlı Qüvvələrinin “sərt idarəetmə və nəzarəti” altına keçib və bölgə tam hərbi nəzarətdə saxlanılır. İran tərəfi daha əvvəl aparılan danışıqlar nəticəsində müəyyən sayda neft tankeri və ticarət gəmilərinin məhdud keçidinə icazə verildiyini xatırladıb. Lakin ABŞ-ın öhdəliklərini yerinə yetirmədiyi iddia olunub.

İran hava məkanının bir hissəsini beynəlxalq uçuşlar üçün açdığını elan edib. Açıqlamada bildirilir ki, İranın şərq hava məkanı beynəlxalq uçuşlar üçün açıq elan olunub, daxili reyslərin isə zəruri texniki və təhlükəsizlik tədbirlərindən sonra mərhələli şəkildə bərpa ediləcəyi qeyd edilib.

İranlılar görüşmək və razılığa gəlmək istəyirlər. Hesab edirəm ki, həftəsonu böyük ehtimalla görüş baş tutacaq. Yaxın bir-iki gün ərzində isə razılığın əldə olunması mümkündür. Bu bəyanatla Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp çıxış edib. O, bu fikirləri ABŞ-ın "Axios" xəbər platformasına verdiyi müsahibəsində səsləndirib. Prezident Tramp qeyd edib ki, Vaşinqton və Tehran nümayəndə heyətləri yekun sənədi imzalamaq üçün həftəsonu bir araya gələ bilərlər. O, əldə olunacaq razılaşmanın "İsrailin təhlükəsizliyini təmin edəcəyini" iddia edib. Bununla belə, Ağ Ev rəhbəri vurğulayıb ki, İranla yekun razılaşma əldə olunmadan ABŞ Hörmüz boğazında tətbiq etdiyi blokadanı qaldırmayacaq. Trampın sözlərinə görə, Hörmüz boğazı hər kəs üçün açıq olmalıdır.

Malta bayrağı altında üzən "Celestyal Discovery" kruiz gəmisi 47 gün Dubay limanında qaldıqdan sonra Hörmüz boğazından keçən ilk sərnişin gəmisi olub. Gəmilərin real vaxt rejimində izlənilməsini təmin edən "MarineTraffic" şirkətinin məlumatlarına görə, ABŞ/İsrail-İran müharibəsinin fevralın 28-də başlamasından sonra, martın əvvəlində Dubay limanına yan alan "Celestyal Discovery" 47 gün ərzində burada gözləyib.

İran Hörmüz boğazını bir daha əsla bağlamayacağını qəbul etdi. Artıq bura dünyaya qarşı bir silah kimi istifadə edilməyəcək. Bu sözləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bildirib. O, boğazın Tehran rəhbərliyi tərəfindən tamamilə açıldığını qeyd edib. ABŞ lideri İran və Hörmüz boğazı ilə bağlı son prosesləri öz sosial media hesabındakı paylaşımı vasitəsilə qiymətləndirib.

İran rəhbərliyi Livanla bağlı əldə olunmuş müvəqqəti atəşkəs çərçivəsində Hörmüz boğazının bütün ticari gəmilər üçün açıq olacağını bəyan edib. İranın rəsmi qurumları tərəfindən verilən məlumata görə, limanlar və dənizçilik təşkilatının müəyyən etdiyi koordinasiyalı marşrut üzrə bütün ticari gəmilərin keçidinə tam icazə verilib. Vurğulanıb ki, bu qərar yalnız 10 günlük atəşkəs dövrü ilə məhdudlaşır.

İranın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ-ın Hörmüz boğazındakı dəniz blokadası cəhdinin beynəlxalq hüquqa zidd və açıq təcavüz aktı olduğunu bildirib. BMT Baş Assambleyasında çıxış edən İrəvani Rusiya və Çinin Hörmüz boğazında naviqasiya azadlığı ilə bağlı qətnamə layihəsinə veto qoymasını "haqlı və zəruri" addım kimi qiymətləndirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxış edərək İsrailə kəskin tənqid edib. Prezident Ərdoğan bildirib ki, heç bir qüvvə Türkiyəni və onun prezidentini təhdid edə bilməz. "Mənim şəxsiyyətimə və ölkəmizə dil uzadan uşaq qatillərinə bir daha xatırladıram ki, Türkiyə sıradan bir dövlət deyil. Biz zalıma zalım, oğruya oğru, qatilə qatil deməyə və Qəzza uşaqlarının səsi olmağa davam edəcəyik."-deyə Ərdoğan çıxışında bildirib.