Küveyt Neft Şirkəti "Mina Abdullah" neft emalı zavodunun pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alındığını və müəssisədə yanğın çıxdığını elan edib. Küveytin rəsmi xəbər agentliyi KUNA-nın şirkətin bəyanatına istinadən verdiyi məlumata görə, zavodun bölmələrindən biri PUA zərbəsinə məruz qalıb. Bəyanatda hücum nəticəsində obyektdə yanğın başladığı, işçilərin təhlükəsizliyini təmin etmək və müəssisəni qorumaq üçün bütün lazımi qabaqlayıcı tədbirlərin görüldüyü qeyd olunub.
#İran-İsrail qarşıdurması
ABŞ Milli Antiterror Mərkəzinin istefa vermiş direktoru Co Kent vəzifəsindən ayrıldıqdan sonra ilk dəfə geniş bəyanatla çıxış edib. O, Vaşinqtondakı İsrail lobbisini ABŞ-ı İranla müharibəyə itələməkdə ittiham edərək, Tehranın nüvə silahı əldə etməyə yaxın olmadığını və təhlükənin süni şəkildə şişirdildiyini bildirib. Müharibəyə etiraz olaraq istefa verən Kent məşhur amerikalı jurnalist Taker Karlsona müsahibəsində bir neçə sensasiyalı faktı açıqlayıb.
Avropa bazarlarında təbii qazın qiyməti 30%-dən çox bahalaşıb. Qiymətlərdəki bu kəskin sıçrayış İranın Qətərdəki strateji qaz obyektlərindən birini hədəf almasından dərhal sonra qeydə alınıb. Enerji ekspertləri bildirirlər ki, Qətər Avropanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçülərindən biri olduğu üçün bu hücum qlobal enerji təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilir. Hücum nəticəsində tədarük zəncirində yaranan qeyri-müəyyənlik birjalarda çaxnaşmaya səbəb olub.
Çin Xarici İşlər Nazirliyi İsrailin İran liderlərini və rəsmi şəxslərini hədəf alan sui-qəsd əməliyyatlarını kəskin şəkildə pisləyib. Pekin bu cür hərbi fəaliyyətləri beynəlxalq normaların pozulması kimi qiymətləndirərək "qəbulolunmaz" adlandırıb. Pekindən verilən rəsmi bəyanatda bildirilir ki, siyasi və hərbi liderlərin hədəf alınması regionda onsuz da gərgin olan vəziyyəti daha da alovlandırır və diplomatik həll yollarını çətinləşdirir. Çin tərəfi tərəfləri beynəlxalq hüquqa hörmət etməyə və zorakılıq dövranını dayandırmağa çağırıb.
"ABC News"un peyk görüntüləri və təsdiqlənmiş videoların analizinə əsaslanan hesabatına görə, İran və onun dəstəklədiyi qruplar ABŞ və müttəfiqlərinin raketdən müdafiə infrastrukturunun əsasını təşkil edən erkən xəbərdarlıq sistemlərini hədəf alıb. Məlumata görə, 28 fevraldan bəri artan gərginlik fonunda ən az 10 radar obyekti Tehran administrasiyasına məxsus pilotsuz uçuş aparatları (PUA) və raketlərlə vurulub.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Media Ofisi sosial media hesabı vasitəsilə Habşan təbii qaz müəssisəsi və Bab neft yatağını hədəf alan raket hücumlarının qarşısının uğurla alındığını açıqlayıb. Verilən məlumatda qeyd olunub ki, hədəfə yönələn raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilsə də, yerə düşən qəlpə parçaları səbəbindən Habşan təbii qaz müəssisəsində işlər müvəqqəti olaraq dayandırılıb.
İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına verdiyi müsahibədə ölkəsinin ABŞ və İsrail ilə müharibədə geri çəkilməyəcəyini bəyan edib. Nazir İranın siyasi sisteminin güclü olduğunu və yüksək rütbəli rəsmilərin itkisinin dövləti sarsıtmayacağını vurğulayıb. O, İranın yeni lideri Müctəba Xameneinin yaralanması xəbərinə münasibət bildirərək, liderin səhhətinin mükəmməl olduğunu və yalnız yüngül yaralar aldığını qeyd edib.
İsrailin müdafiə naziri İsrail Katz İranın kəşfiyyat naziri İsmayıl Hatibin həyata keçirilən hücum nəticəsində öldürüldüyünü iddia edib. Qeyd olunur ki, bu iddia regionda onsuz da yüksək olan gərginliyi daha da artırıb və tərəflər arasında qarşılıqlı hücumlar fonunda yeni eskalasiya risklərini gücləndirib
İranın endirdiyi zərbələr nəticəsində İsrailin mərkəzi hissəsində yerləşən Ramat Qan bölgəsində iki nəfər həlak olub, bir neçə nəfər yaralanıb. Məlumata görə, hücum zamanı çoxsaylı döyüş başlıqları daşıyan raketlərdən istifadə olunub ki, bu da hava hücumundan müdafiə sistemlərini aşmaq məqsədi daşıyıb. İsrail mediası partlayışlardan sonra qəlpələrin geniş əraziyə yayıldığını və ciddi dağıntılar törətdiyini bildirib.
İrandan raketlərin atılması nəticəsində İsrailin bir neçə şəhərində təhlükə sirrenləri işə düşüb. İsrail ordusundan verilən rəsmi açıqlamada İrandan raket hücumunun başladığı və hava hücumundan müdafiə sistemlərinin bu raketləri zərərsizləşdirməyə çalışdığı bildirilib.
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi bu gün İran tərəfindən atılan 10 balistik raketin və 45 pilotsuz uçuş aparatının (PUA) ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb. Nazirliyin verdiyi məlumata görə, İranın başlatdığı hücumlar çərçivəsində indiyədək BƏƏ ordusu ümumilikdə 314 balistik raket, 15 qanadlı raket və 1672 PUA-nı zərərsizləşdirib.
İranın ABŞ və İsrailin hücumlarına cavab olaraq 28 fevraldan bəri Körfəz bölgəsi başda olmaqla 7 ərəb ölkəsindəki ABŞ bazalarına və kritik nöqtələrinə ən azı 3955 hücum həyata keçirdiyi bildirilir. Anadolu Agentliyinin bölgə ölkələrinin müdafiə nazirlikləri və informasiya mərkəzlərindən topladığı məlumatlara görə, bu hücumlardan ən çox təsirlənən ölkə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub.