#Küveyt

Küveyt bayrağı altında üzən “Al-Salmi” neft tankeri Dubay sahilləri yaxınlığında İran tərəfindən hücuma məruz qalıb. Hadisə regionda son dövrlərdə artan raket və pilotsuz uçuş aparatları hücumlarının davamı kimi qiymətləndirilir. Yanğının qısa müddətdə nəzarətə alındığı, həmçinin neft sızmasının qarşısının alındığı bildirilir.

"Associated Press" (AP) agentliyinin ABŞ, İsrail və bir sıra Körfəz ölkələrinin rəsmilərinə istinadən yaydığı məlumata görə, Vaşinqtonun regiondakı müttəfiqləri İrana qarşı hava hücumlarının dayandırılmamasını tələb edirlər. İddia olunur ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt və Bəhreyn rəsmiləri özəl görüşlərdə İranın hərbi gücünün "kifayət qədər zəiflədilmədiyini" bildiriblər. Müttəfiq ölkələr İran rəhbərliyində köklü dəyişikliklər baş verənə və ya Tehranın regional siyasətində ciddi dönüş yaranana qədər hərbi əməliyyatların sonlandırılmamasını istəyirlər.

Küveyt Mülki Aviasiya Qurumundan verilən rəsmi bəyanata görə, ölkənin əsas hava qapısı olan Küveyt Beynəlxalq Hava Limanı pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alınıb. Hücum nəticəsində hava limanının fəaliyyəti üçün kritik əhəmiyyət kəsb edən infrastruktur zərər görüb. Bəyanatda vurğulanır ki, partlayışlar nəticəsində hava limanındakı radar sistemlərinə ciddi zərər dəyib. Bu zədələnmənin uçuşların təhlükəsizliyinə və naviqasiya xidmətlərinə necə təsir edəcəyi barədə texniki araşdırmalar aparılır. Hazırda hava limanında uçuşların dayandırılıb-dayandırılmaması ilə bağlı rəsmi qərar gözlənilir.

Küveyt və Səudiyyə Ərəbistanına hava hücumları həyata keçirildiyi bildirilib. Küveytin şimal-qərbində yerləşən Bubiyan adasındakı Mübarək əl-Kəbir limanı pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərlə hədəfə alınıb. Digər tərəfdən, Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi paytaxt Ər-Riyad bölgəsinə 6 ballistik raketin buraxıldığını açıqlayıb. Bildirilib ki, raketlərdən ikisi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

Regionda bir tərəfdən İran, digər tərəfdən isə Amerika Birləşmiş Ştatları və İsrail arasında görünməmiş bir müharibə yaşanarkən, dörd Körfəz ölkəsi – Qətər, Küveyt, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) illərdir mülki və ticari örtük altında "yatan" və müharibə zamanı hərəkətə keçməyə başlayan İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) və Livandakı "Hizbullah"a bağlı qrupların dağıdıldığını elan edirlər.

ABŞ Dövlət Departamenti Küveytə LTAMDS hava müdafiə radar sistemlərinin satışını nəzərdə tutan mümkün xarici hərbi satışa ilkin razılıq verib. Satış çərçivəsində həmçinin beş ədəd böyük taktiki enerji sistemi generatoru, dəstək vasitələri, qoşqu qurğuları, simulyatorlar, təhlükəsiz rabitə avadanlıqları, ehtiyat hissələri, diaqnostika vasitələri və texniki sənədlər də təqdim olunacaq.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi cümə günü səhər saatlarından etibarən 26 pilotsuz uçuş aparatının (PUA) qarşısının alındığını və məhv edildiyini təsdiqləyib. Eyni zamanda Küveyt və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyət orqanları da raket və PUA təhdidləri ilə mübarizə apardıqlarını bildiriblər. Küveyt Neft Korporasiyasının "Mina Əl-Əhmədi" limanındakı neft emalı zavodu yenidən İranın PUA hücumlarına məruz qalıb və nəticədə müəssisənin bir neçə bölməsində yanğın baş verib.

Küveyt Dövlət Neft Şirkəti (KNPC) ölkənin strateji əhəmiyyətli obyektlərindən biri olan Mina əl-Əhmədi neft emalı zavodunun pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücuma məruz qaldığını elan edib. Hücum nəticəsində zavodun ərazisində yanğın baş verdiyi bildirilir. Şirkətin rəsmi bəyanatında qeyd olunur ki, hadisə zamanı hər hansı xəsarət alan olmayıb. Lakin təhlükəsizlik tədbirləri çərçivəsində və yanğının genişlənməsinin qarşısını almaq məqsədilə neft emalı zavodundakı bəzi istehsalat vahidlərinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Küveyt Neft Şirkəti "Mina Abdullah" neft emalı zavodunun pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alındığını və müəssisədə yanğın çıxdığını elan edib. Küveytin rəsmi xəbər agentliyi KUNA-nın şirkətin bəyanatına istinadən verdiyi məlumata görə, zavodun bölmələrindən biri PUA zərbəsinə məruz qalıb. Bəyanatda hücum nəticəsində obyektdə yanğın başladığı, işçilərin təhlükəsizliyini təmin etmək və müəssisəni qorumaq üçün bütün lazımi qabaqlayıcı tədbirlərin görüldüyü qeyd olunub.

Artıq iki həftədir ki, İranın Körfəz ölkələrindəki yaşayış məntəqələrini, mülki obyektləri və kritik infrastrukturu hədəf alan raket və pilotsuz uçuş aparatı (PUA) hücumları davam edir. Cümə günü Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və bölgə dövlətləri bu hücumların təkcə regional təhlükəsizliyi deyil, həm də qlobal iqtisadiyyat və enerji bazarlarının sabitliyini təhdid etdiyini bəyan ediblər.

Qətər Müdafiə Nazirliyi ölkənin hava məkanını və təhlükəsizliyini hədəf alan ciddi bir təhdidin qarşısının alındığını rəsmən açıqlayıb. Nazirliyin ABŞ mərkəzli "X" sosial media platformasındakı rəsmi hesabı vasitəsilə yayılan bəyanatda bildirilir ki, Qətər Silahlı Qüvvələri ölkə ərazisinə yönəlmiş raket hücumunu uğurla dəf edib. Müdafiə sistemlərinin vaxtında müdaxiləsi nəticəsində raket hədəfə çatmadan zərərsizləşdirilib. Nazirlik hadisənin təfərrüatları barədə hələlik əlavə məlumat verməyib.