#İsrailin İran hücum planı

İran Tibb Birliyinin rəhbəri Məhəmməd Rəiszadə ABŞ və İsrailin hücumları nəticəsində 28 fevraldan bəri ölkədə azı 20 xəstəxana və sağlamlıq mərkəzinin zərər gördüyünü açıqlayıb. İran mətbuatının məlumatına görə, Rəiszadə ABŞ və İsrailin İrana qarşı hücumları zamanı zədələnən xəstəxanalarla bağlı bəyanatla çıxış edib. Rəiszadə qeyd edib ki, 28 fevraldan bu yana davam edən hücumlarda azı 20 xəstəxana və tibb məntəqəsi ciddi ziyan çəkib. O, xüsusilə "Qandi" xəstəxanasının tamamilə istifadəyə yararsız hala düşdüyünü və indiyədək 18 tibb işçisinin hücumlar nəticəsində həyatını itirdiyini bildirib.

Küveyt Neft Şirkəti "Mina Abdullah" neft emalı zavodunun pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alındığını və müəssisədə yanğın çıxdığını elan edib. Küveytin rəsmi xəbər agentliyi KUNA-nın şirkətin bəyanatına istinadən verdiyi məlumata görə, zavodun bölmələrindən biri PUA zərbəsinə məruz qalıb. Bəyanatda hücum nəticəsində obyektdə yanğın başladığı, işçilərin təhlükəsizliyini təmin etmək və müəssisəni qorumaq üçün bütün lazımi qabaqlayıcı tədbirlərin görüldüyü qeyd olunub.

Avropa bazarlarında təbii qazın qiyməti 30%-dən çox bahalaşıb. Qiymətlərdəki bu kəskin sıçrayış İranın Qətərdəki strateji qaz obyektlərindən birini hədəf almasından dərhal sonra qeydə alınıb. Enerji ekspertləri bildirirlər ki, Qətər Avropanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçülərindən biri olduğu üçün bu hücum qlobal enerji təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilir. Hücum nəticəsində tədarük zəncirində yaranan qeyri-müəyyənlik birjalarda çaxnaşmaya səbəb olub.

Çin Xarici İşlər Nazirliyi İsrailin İran liderlərini və rəsmi şəxslərini hədəf alan sui-qəsd əməliyyatlarını kəskin şəkildə pisləyib. Pekin bu cür hərbi fəaliyyətləri beynəlxalq normaların pozulması kimi qiymətləndirərək "qəbulolunmaz" adlandırıb. Pekindən verilən rəsmi bəyanatda bildirilir ki, siyasi və hərbi liderlərin hədəf alınması regionda onsuz da gərgin olan vəziyyəti daha da alovlandırır və diplomatik həll yollarını çətinləşdirir. Çin tərəfi tərəfləri beynəlxalq hüquqa hörmət etməyə və zorakılıq dövranını dayandırmağa çağırıb.

"ABC News"un peyk görüntüləri və təsdiqlənmiş videoların analizinə əsaslanan hesabatına görə, İran və onun dəstəklədiyi qruplar ABŞ və müttəfiqlərinin raketdən müdafiə infrastrukturunun əsasını təşkil edən erkən xəbərdarlıq sistemlərini hədəf alıb. Məlumata görə, 28 fevraldan bəri artan gərginlik fonunda ən az 10 radar obyekti Tehran administrasiyasına məxsus pilotsuz uçuş aparatları (PUA) və raketlərlə vurulub.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Media Ofisi sosial media hesabı vasitəsilə Habşan təbii qaz müəssisəsi və Bab neft yatağını hədəf alan raket hücumlarının qarşısının uğurla alındığını açıqlayıb. Verilən məlumatda qeyd olunub ki, hədəfə yönələn raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilsə də, yerə düşən qəlpə parçaları səbəbindən Habşan təbii qaz müəssisəsində işlər müvəqqəti olaraq dayandırılıb.

İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera" telekanalına verdiyi müsahibədə ölkəsinin ABŞ və İsrail ilə müharibədə geri çəkilməyəcəyini bəyan edib. Nazir İranın siyasi sisteminin güclü olduğunu və yüksək rütbəli rəsmilərin itkisinin dövləti sarsıtmayacağını vurğulayıb. O, İranın yeni lideri Müctəba Xameneinin yaralanması xəbərinə münasibət bildirərək, liderin səhhətinin mükəmməl olduğunu və yalnız yüngül yaralar aldığını qeyd edib.

Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri 19 mart tarixində Belçikanın paytaxtı Brüsseldə bir araya gələrək Yaxın Şərqdə artan gərginliyi, İrana qarşı hərbi hücumları və bu hadisələrin enerji qiymətləri ilə enerji təhlükəsizliyinə təsirini müzakirə edəcəklər. Aİ Şurasının sədri Antonio Kostanın rəhbərlik edəcəyi sammitdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas da iştirak edəcək.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Səudiyyə Ərəbistanının ev sahibliyi ilə Ər-Riyadda keçiriləcək mühüm məşvərətçi iclasda iştirak edəcək. Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, 18 mart 2026-cı il tarixində baş tutacaq bu görüşdə ərəb və islam ölkələrinin xarici işlər nazirləri regionda son dövrlər artan gərginliyi və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Polşa Baş naziri Donald Tusk ölkəsinin İranla davam edən münaqişəyə hərbi müdaxilə etməyəcəyini və bölgəyə əsgər göndərməyəcəyini açıqlayıb. Polşanın PAP xəbər agentliyinin məlumatına görə, Tusk bu bəyanatla ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı çağırışlarından sonra nazirlər kabinetinin iclasından əvvəl çıxış edib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Müdafiə Nazirliyi bu gün İran tərəfindən atılan 10 balistik raketin və 45 pilotsuz uçuş aparatının (PUA) ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb. Nazirliyin verdiyi məlumata görə, İranın başlatdığı hücumlar çərçivəsində indiyədək BƏƏ ordusu ümumilikdə 314 balistik raket, 15 qanadlı raket və 1672 PUA-nı zərərsizləşdirib.