#Məscidül-Əqsaya basqın

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich Qərbi Qüdsdəki Beynəlxalq Konqres Mərkəzində keçirilən tədbirdə Qüds meri Moşe Liona işğal altındakı Şərqi Qüdsdəki Əl-Əqsa məscidinin yerində Süleyman məbədinin tikintisi üçün pul vəd edib. Smotrich minlərlə insanın qarşısında gülərək, “Mən sənə pul verəcəm, sən isə Məbədi tikəcəksən,” deyib. Buna cavab olaraq Lion, Smotrich-i “Yerusəlimin indiyə qədərki ən yaxşı maliyyə naziri” adlandırıb. Bu açıqlama İsrailin Məbəd dağı ilə bağlı siyasətində dəyişiklik müzakirələrinin getdiyi həssas bir dövrdə səslənib. Eyni zamanda, milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin də daxil olduğu bəzi nazirlərin Məscidül-Əqsaya prosedurları pozaraq daxil olmaları və orada dua etmələri gərginliyi daha da artırıb. Fələstinlilər bu hərəkətləri Şərqi Qüdsün yəhudiləşdirilməsi və ərəb-islam kimliyinin silinməsi cəhdi kimi qiymətləndirir.

Fələstin İslam Vəqfləri İdarəsinin məlumatına görə, 124 radikal səhər saatlarında Məğaribə qapısından qrup halında məscidə girərək həyətlərdə gəzinti edib, şərq tərəfdə – Bab ər-Rahmə namazgahı yaxınlığında təxribat xarakterli turları və Talmud ayinlərini icra ediblər.

Yəməndə İranın dəstəklədiyi husilər İsrail əsgərlərinin Məscidül-Əqsaya basqınından sonra altı pilotsuz təyyarə ilə İsrailin dörd bölgəsinə zərbə endirdiklərini açıqlayıb. Husi ordusunun sözçüsü Yəhya Seri hücumların cənubdakı Bir-es-Sebi (Bershawa), Nəcəf və Əliat şəhərlərinə, həmçinin şimaldakı Hayfaya yönəldiyini və “kritik hədəflərin” vurulduğunu iddia edib. Qeyd edək ki, husilər bu hücumları İsrailin Qəzza zolağında fələstinlilərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlara, Məscidül-Əqsaya basqınlara və müqəddəs məkanlara qarşı pozuntulara cavab olaraq etdiklərini bildiriblər. İsrail tərəfi isə məsələ ilə bağlı açıqlama verməyib. Yanvarın 19-da əldə olunan atəşkəs razılaşmasının pozulmasından sonra husilər vaxtaşırı ballistik raketlər və PUA-larla İsraili hədəfə alır.