#İsrail

Boykot kampaniyaları fonunda Türkiyədə istehlakçıların seçimlərində də dəyişiklik müşahidə olunur. İstehlakçılar beynəlxalq brendlərə alternativ olaraq yerli məhsullara üz tutur, bu isə xüsusilə qida və içki sektoruna təsir göstərir. Sənaye nümayəndələrinin sözlərinə görə, bəzi beynəlxalq içkilərə tələbat xeyli azalıb.

Bir sıra ərəb və islam ölkələrinin xarici işlər nazirləri, eləcə də beynəlxalq təşkilatların baş katibləri İsrailin Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail”lə bağlı bəyanatlarını sərt şəkildə pisləyiblər. Bəyanatı pisləyən ölkələr və təşkilatlara Səudiyyə Ərəbistanı, Əlcəzair, Bəhreyn, Banqladeş, Çad , Komorlar İttifaqı, Cibuti, Misir, Qambiya, İndoneziya, İraq, İordaniya, Küveyt, Livan , Liviya, Maldivlər, Mavritaniya, Mərakeş, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Seneqal , Syerra Leone, Somali, Sudan, Suriya, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərinin, Yəmən eləcə də Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası daxildir.

ABŞ Dövlət Departamenti Qəzza sakinlərinə verilən vizaların fəaliyyətini dayandırıb. Bu barədə qurumun "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilib. Beləliklə, ABŞ müvəqqəti olaraq Qəzza sakinlərinə verilən vizaları dayandırıb və səbəb kimi humanitar və tibbi vizaların verilməsi mexanizminin yenidən yoxlanılmasını əsas göstərib.

İsrail ordusunun Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda son 24 saat ərzində 70 fələstinli həlak olub, 385 nəfər yaralanıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumatda həmçinin qeyd olunub ki, İsrail ordusunun yanvarın 19-da əldə edilən atəşkəsi pozaraq martın 18-dən bəri həyata keçirdiyi hücumlarda 10 min 362 fələstinli həyatını itirib, 43 min 619 nəfər yaralanıb.

İsrail Təhlükəsizlik Kabineti avqustun 8-də Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin işğalı planını təsdiqləyib və Baş nazir Binyamin Netanyahu şəhərin tamamilə işğal edilməsinin məqsəd olduğunu açıqlayıb. İşğalın Qəzza şəhərindən mərhələli şəkildə başlayacağı və sonra mərkəzi bölgədəki qaçqın düşərgələrinə qədər genişlənəcəyi bildirilir.

Cenevrədə fəaliyyət göstərən Avro-Aralıq dənizi İnsan Haqları Monitoru (Euro-Med) Qəzzanın Zeytun məhəlləsində baş verən son hücumları qiymətləndirib. Açıqlamada bildirilir ki, İsrail altı gün ərzində uzaqdan idarə olunan partlayıcılar, hava hücumları və artilleriya atəşi ilə təxminən 400 evi dağıdıb və 90 mindən çox sakini məcburi köçkün edib. Euro-Med həmçinin bildirib ki, məktəblər və məscidlər də hücumların hədəfi olub və dağıntılar altında qalan ölü və yaralıların çıxarılması mümkün olmayıb. Təşkilatın açıqlamasında bu hücumların Qəzzanı tamamilə işğal etmək və məhəllələri boşaltmaq məqsədilə həyata keçirildiyi, sistemli soyqırım siyasətinə uyğun olduğu vurğulanıb.

Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş bölgədə aclıqdan ölənlərlə bağlı açıqlama verib. Onun sözlərinə görə, son 24 saat ərzində daha 11 fələstinli aclıq və qida çatışmazlığından həyatını itirib. Bununla da 7 oktyabr 2023-dən bəri aclıq səbəbilə ölənlərin ümumi sayı 251-ə çatıb, onların 108-i uşaqlardır.Qəzza hazırda İsrailin blokadası və hücumları nəticəsində su, ərzaq, dərman və tibbi ləvazimat çatışmazlığı ilə üz-üzədir. Humanitar təşkilatlar bildirirlər ki, aclıq xüsusilə uşaqlar arasında ölüm hallarını artırır. Yerli və beynəlxalq qurumlar İsrailin aclıq və susuzluğu “silah kimi” istifadə etdiyini vurğulayır.

İsrail ordusu Livanın cənubundakı Şəkif təpəsi bölgəsində Hizbullaha məxsus hərbi infrastruktur və yeraltı obyektləri hava zərbələri ilə hədəf alıb. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumlar bölgədə müşahidə edilən hərbi fəaliyyətlərdən sonra həyata keçirilib. İsrail tərəfi bu obyektlərin mövcudluğunu İsrail–Livan razılaşmalarının pozulması kimi qiymətləndirib.