BAKI,VOA Orxan Qədirzadə
Əlcəzairin şərqində yerləşən Jijel vilayətində günlərdir davam edən güclü meşə yanğınları nəticəsində azı 73 nəfər həyatını itirib. Yanğınların bölgədə geniş dağıntılara səbəb olduğu və yekun itkilərin daha da artacağından ehtiyat edildiyi bildirilir.
Jijel vilayətinin Bəni Həbibi qəsəbəsində yanğınlarda ölən 39 nəfər üçün kütləvi dəfn mərasimi keçirilib. Mərasimdə Baş nazir Sifi Qarib və çox sayda sakin iştirak edib.
Şahidlərin sözlərinə görə, bəzi ailələr yanğınlar nəticəsində tamamilə məhv olub. Bəni Həbibinin yüksək ərazilərində eyni ailənin 21 üzvünün öldüyü də bildirilir.
Yanğınların yüksək sürətlə yayılması nəticəsində bəzi sakinlər evlərini, digərləri isə mal-qaralarını və kənd təsərrüfatı məhsullarını xilas etməyə çalışarkən həyatını itirib.
Hakimiyyət itkinlərin axtarışı və bəzi ərazilərdə yanğınların davam etməsi səbəbindən yekun ölüm sayını açıqlamayıb. İlkin qiymətləndirmələrə görə, yanğınlar Jijelin meşə örtüyünün təxminən 80 faizini məhv edib.