ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazındakı strateji neft keçidinə müdaxilə edəcəyi təqdirdə, ABŞ-ın buna indiyədək görünməmiş dərəcədə sərt cavab verəcəyini bəyan edib. Sosial media hesabı vasitəsilə açıqlama verən Tramp, mümkün hərbi müdaxilənin miqyasının əvvəlki hücumlardan "20 qat daha sərt" olacağını vurğulayıb. Prezident Tramp qeyd edib ki, əgər Tehran rəhbərliyi neft axınını dayandırmaq üçün hər hansı bir addım atarsa, ABŞ ordusu ölkədəki "asanlıqla məhv edilə bilən hədəfləri" hədəm alacaq. O, belə bir ssenarinin baş verəcəyi təqdirdə, İranın bir dövlət olaraq yenidən inşa edilməsinin demək olar ki, qeyri-mümkün hala gələcəyini iddia edib.
Digər Xəbərlər
ABŞ-ın müdafiə naziri Pit Heqset ölkəsinin və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı verdiyi açıqlamada: "Bu cür hadisələr can itkisi olmadan baş vermir. Daha çox can itkisi olacaq", - deyə bildirib. Heqset CBS telekanalında yayımlanan "60 Minutes" proqramında ABŞ və İsrailin İrana hücumları ilə bağlı sualları cavablandırıb. ABŞ Prezidenti Donald Trampın bu hücumlardan sonra can itkilərinin qaçılmaz olacağı barədə fikirlərini dəstəkləyən Heqset, "Bu cür proseslər itkisiz ötüşmür. Daha çox can itkisi olacaq" deyə vurğulayıb.
Dünya enerji bazarında neftin qiyməti artıb. Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı xam neftin aprel fyuçerslərinin qiyməti 28.3% artaraq 116,57 ABŞ dollarına yüksəlib. Məlumata görə, "Brent" markalı xam neftin may ayı üzrə fyuçerslərinin qiyməti isə Bakı vaxtı ilə 09:00-da 27,6% artaraq 118,43 dollara kimi yüksəlib. Ümumilikdə, qiymət artımı əsasən Yaxın Şərqdə artan hərbi gərginliklə əlaqədar enerji infrastrukturuna mümkün təhlükələrlə bağlıdır.
İsrailin İrandakı neft anbarlarına təşkil etdiyi hava hücumları Vaşinqtonun "gözlədiyindən daha geniş" miqyasda reallaşıb. Mənbələr, İsrailin əməliyyatdan əvvəl ABŞ-ı məlumatlandırdığını, lakin hücumların miqyasının iki müttəfiq arasında fikir ayrılığına yol açdığını irəli sürüb. ABŞ-lı bir rəsmi, sözügedən addımların "yaxşı bir fikir olduğunu düşünmədiklərini" müdafiə edərək, yaşanan fikir ayrılığının və ABŞ-ın müharibə ilə bağlı gözləntilərinin yüksək səviyyəli siyasi görüşlərdə müzakirə olunmasının gözlənildiyini ifadə edib.
ABŞ Prezidenti Donald Tramp, özünə məxsus Truth Social platforması vasitəsilə verdiyi açıqlamada bildirib ki, İran bu gün “çox sərt şəkildə vurulacaq”. Tramp deyib ki, İran Yaxın Şərqdəkı qonşularından üzr istəyərək “təslim olduğunu” və onlara artıq atəş açmayacağına söz verib. O, bu sözün yalnız ABŞ və İsrailin “amansız hücumları” sayəsində alındığını iddia edib və hücumların miqyasının genişlənəcəyinə işarə verib.
Bildirilib ki, sərnişinlərin, hava limanı əməkdaşlarının və aviaşirkət ekipajlarının təhlükəsizliyini təmin etmək məqsədilə Dubay Beynəlxalq Hava Limanının (DXB) fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Qeyd olunub ki, bütün prosedurlar müəyyən edilmiş təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir.
ABŞ Prezidenti Donald Tramp İrana quru qoşunlarının göndərilməsi ehtimalını hazırkı mərhələdə "vaxt itkisi" adlandıraraq Tehranın xəbərdarlıqlarını rədd edib. NBC News-a telefon vasitəsilə müsahibə verən Tramp İranın xarici işlər naziri Abbas Araqçının "istənilən quru müdaxiləsi işğalçılar üçün fəlakətlə nəticələnəcək" bəyanatına cavab olaraq bildirib ki, İran artıq itirə biləcəyi hər şeyi itirib. O, İran hərbi dəniz donanmasının tamamilə məhv edildiyini və Tehranın müqavimət potensialının qalmadığını vurğulayaraq Araqçının şərhlərini "boş sözlər" kimi xarakterizə edib.
İran Qızıl Aypara Cəmiyyətinin sədri Pir Hüseyn Kolivənd ABŞ və İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölkə daxilində 4 mindən çox mülki binanın ciddi zərər gördüyünü açıqlayıb. "Mehr" xəbər agentliyinə danışan Kolivənd qeyd edib ki, indiyədək 3 min 646 yaşayış evi və mülki tikili hücumlara məruz qalıb, 528 ticarət obyekti isə tamamilə məhv edilib. Hücumların miqyası səhiyyə infrastrukturundan da yan keçməyib; İranlı rəsminin sözlərinə görə, 3 xəstəxana fəaliyyətini tamamilə dayandırmalı olub, 14 tibb mərkəzi isə müxtəlif dərəcəli dağıntılara məruz qalıb.
ABŞ və İsrailin İrana qarşı başlatdığı "Epic Fury" (Destansı Öfke) əməliyyatının ilk 36 saatına dair yayımlanan hərbi analizlər hücumların miqyasını və intensivliyini ortaya qoyur. Aparılan araşdırmalara görə, hücumların ilkin mərhələsində 3 mindən çox yüksək dəqiqlikli idarə olunan sursat və önləyici raketdən istifadə edilib. Bu qədər intensiv sursat sərfi Qərbin müdafiə sənayesinin tədarük zənciri və ehtiyatların yenilənməsi imkanları üzərində ciddi təzyiq yaradır. Analizlər göstərir ki, ABŞ ordusu əməliyyatın ilk 36 saatında təkcə GBU-31, GBU-32 və GBU-38 tipli JDAM idarəetmə dəstlərindən təxminən 250 ədəd istifadə edib.
UNICEF ötən həftəsonu ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi əməliyyatlarla kəskinləşən gərginlikdə indiyədək 189 uşağın həyatını itirdiyini açıqlayıb. Təşkilatın hesabatında qeyd olunur ki, bölgədəki hərbi hərəkətlilik uşaqlar üzərində artıq dağıdıcı bir təsir yaradıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu və yerli mənbələrin məlumatına görə, hücumların ilk günündə İranın cənubundakı Minab şəhərində yerləşən Şəcərə-i Tayyibə adlı qızlar ibtidai məktəbi vurulub. Hücum nəticəsində yaşları 7 ilə 12 arasında dəyişən azı 175 şagirdin həlak olduğu bildirilir. Görgü tanıqları və beynəlxalq mətbuat orqanları məktəbin bir hərbi kompleksin yaxınlığında yerləşdiyi üçün zərbəyə məruz qaldığını, lakin binanın tamamilə mülki məqsədlər üçün istifadə edildiyini təsdiqləyib.
İranda müvəqqəti Liderlik Şurası yeni ali liderin seçilməsi ilə bağlı proqramı hazırlamaq məqsədilə dördüncü dəfə bir araya gəlib. İran dövlət televiziyasının məlumatına görə, iclasda Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Laricani də iştirak edərək son hərbi və siyasi proseslər barədə məlumat verib.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu səhər Fars körfəzinin şimal hissəsində ABŞ-a məxsus neft tankerinə hücum təşkil etdiyini bəyan edib. SEPAH-ın rəsmi açıqlamasında bildirilir ki, ABŞ, İsrail və bu ölkələri dəstəkləyən Avropa dövlətlərinə məxsus hərbi və ticari gəmilərin bölgədən keçidinə icazə verilməyəcək.