BAKI,VOA
ABŞ Prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantinonun vəzifədən kənarlaşdırılmasının “dəhşətli səhv” olacağını bildirib.
VOA xəbər verir ki, Donald Tramp sosial media hesabında paylaşdığı açıqlamada İnfantinonun fəaliyyətini yüksək qiymətləndirib və onun rəhbərliyi altında FİFA-nın uğurlu dövr keçirdiyini qeyd edib.
“Əla iş görür. Tarixin ən uğurlu Dünya Kubokuna, həm də böyük fərqlə rəhbərlik edib”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti İnfantinonun vəzifədən ayrılması halında gələcək Dünya Kuboklarının eyni səviyyədə uğurlu və gəlirli olmayacağını iddia edib.
Tramp FİFA rəhbərinin vəzifədən uzaqlaşdırılmasının qurum və dünya futbolu üçün ciddi səhv olacağını vurğulayıb.
İnfantinonun planı müzakirələrə səbəb olub
Britaniyanın “The Times” nəşrinin məlumatına görə, Canni İnfantino Dünya Kuboku layihəsində müəyyən payların özəl investorlara satılması imkanını nəzərdən keçirib.
Planla bağlı yaranan narazılıqlardan sonra FİFA layihənin hazırlanması zamanı yol verilən səhvlərə görə üzr istəyib və təklifin artıq gündəmdən çıxarıldığını açıqlayıb.
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF) isə birgə açıqlama yayaraq İnfantinonun təşəbbüsünə etiraz edib.