BAKI,VOA Analitik Təhlil Mərkəzi
Suriya Prezidenti Əhməd əş - Şəraanın “Əl-Cəzirə” telekanalına müsahibəsində verdiyi açıqlamalar ölkəsinin regional siyasətinin əsas istiqamətləri ilə bağlı mühüm mesajlar kimi qiymətləndirilir.
Müsahibə zamanı əsas diqqət Suriyanın İsraillə münasibətlərinin gələcəyi, Livandakı proseslər və İraqla inkişaf edən əlaqələrə yönəlib. Tədqiqatçılar hesab edirlər ki, Şəranın açıqlamaları Dəməşqin regionda daha balanslı və diplomatik xətt yürütmək niyyətini göstərir.
İsraillə münasibətlərdə prioritet “sülh” deyil, təhlükəsizlik razılaşmasıdır
Əhməd əş - Şəraa İsraillə münasibətlərin mərhələli şəkildə inkişaf edə biləcəyini bildirib. O qeyd edib ki, ilk mərhələdə məqsəd “təhlükəsizlik razılaşması” əldə etməkdir və bundan sonra hərtərəfli sülh məsələsi müzakirə oluna bilər.
Suriya lideri vurğulayıb ki, belə bir proses Suriyanın işğal altındakı Colan təpələri üzərində hüquqlarından imtina etməsi anlamına gəlməməlidir.
Şəraa bildirib ki, Suriya hökuməti İsrailin ölkə ərazisindəki addımlarının qarşısını almaq və daha balanslı siyasətə nail olmaq üçün bir sıra dövlətlərin dəstəyindən istifadə etməyə çalışır.
O, həmçinin regionda “uğursuz təcrübələrin təkrarlanmasına” qarşı olduğunu qeyd edərək, daha təhlükəsiz və inkişaf yönümlü yanaşmanın vacibliyini vurğulayıb.
Regional məsələlər üzrə ekspert Mahmud Əluş hesab edir ki, Şəraanın əsas məqsədi İsrailin Əsəd rejiminin devrilməsindən sonra nəzarətə götürdüyü ərazilərdən çıxmasını təmin edən təhlükəsizlik razılaşmasına nail olmaqdır.
Onun fikrincə, belə razılaşma Suriyanın təhlükəsizliyi üçün böyük qazanc ola bilər. Lakin ekspert əlavə edib ki, Şəraanın İsraillə sülh ideyasından ilk dəfə danışması daha çox ABŞ Prezidenti Donald Trampa yönəlmiş mesaj da ola bilər, çünki İsrailin daha çox ərazi əldə etmək istədiyi iddia olunur.
Livan məsələsində dövlət institutlarına dəstək mesajı
Suriya liderinin Livanla bağlı açıqlamaları da diqqət çəkib. Şəraa Livanın dövlət strukturlarının gücləndirilməsini və silah üzərində nəzarətin yalnız dövlətin əlində olmasını dəstəklədiyini bildirib.
O qeyd edib ki, Suriya Livana hərbi müdaxilə etmək niyyətində deyil, lakin ölkənin sabitliyində maraqlıdır.
“Livana təsir edən hadisələr Suriyaya da təsir edir”, - deyə Şəraa bildirib.
Livanlı tədqiqatçı Məhəsin Mursəl hesab edir ki, Suriya prezidenti Livanın suverenliyinə və dövlət institutlarına hörmət mövqeyini yenidən təsdiqləyib.
Onun sözlərinə görə, Şəraa Suriyanın Livana hərbi müdaxilə etmək niyyətində olması ilə bağlı yayılan iddiaları təkzib edib.
Lakin Əl-Cəzirə Araşdırmalar Mərkəzinin aparıcı tədqiqatçısı Liqa Məkki bildirib ki, Şəraa Livan hökumətini “Hizbullah”ın fəaliyyətlərinə nəzarət etmək və Suriyanın təhlükəsizliyinə təhdidlərin qarşısını almaq məsuliyyəti ilə üz-üzə qoyub.
Ekspert qeyd edib ki, Şəraanın yumşaq ritorikasına baxmayaraq, Livandan Suriyaya təhlükə yaranacağı təqdirdə hərbi variantın gündəmə gələ biləcəyi mesajı da verilib.
Suriya-İraq münasibətlərində iqtisadi maraqlar ön planda
Əhməd əş - Şəraa Suriya ilə İraq arasındakı münasibətləri “yaxşı və inkişaf edən” kimi qiymətləndirib.
O bildirib ki, iki ölkə arasında tarixi, sosial və iqtisadi əlaqələr mövcuddur və qarşılıqlı maraqlar münasibətlərin inkişafını zəruri edir.
Suriya prezidenti İraqdakı siyasi reallığı və xarici təsirləri başa düşdüyünü qeyd edib. Onun sözlərinə görə, Bağdad regiondakı qarşıdurmalardan uzaq qalmağa çalışır.
Şəraa bildirib ki, İraq Suriyanın, Suriya isə İraqın resurslarına ehtiyac duyur və bu, iki ölkə arasında böyük qarşılıqlı maraqlar yaradır.
Kəşfiyyat və milli təhlükəsizlik üzrə ekspert Mühənd Səllum hesab edir ki, Şəraanın açıqlamaları Suriya-İraq münasibətlərində yeni mərhələyə keçid cəhdini göstərir.
Onun sözlərinə görə, tərəflər yaxın keçmişdəki problemləri aradan qaldıraraq qarşılıqlı hörmət və ortaq maraqlar əsasında balanslı münasibətlər qurmağa çalışırlar.
Ekspert əlavə edib ki, Şəraanın İraqa və region ölkələrinə əsas mesajı problemlərin həllində zorakılıqdan deyil, dialoq, inkişaf və əməkdaşlıqdan istifadə edilməsinin vacibliyidir.