BAKI,VOA,Yusif Şərifzadə
ABŞ və İran arasında qarşılıqlı hücumların dayandırılmasından sonra dünya bazarında neft qiymətləri enməkdə davam edir. Analitiklər gərginliyin müvəqqəti azalmasının bazarda təkliflə bağlı narahatlıqları zəiflətməsi ilə qiymətlərin aşağı düşdüyünü bildirirlər.
VOA xəbər verir ki, beynəlxalq etalon hesab olunan Brent markalı neftin qiyməti GMT vaxtı ilə saat 12:00-a olan məlumata əsasən 8 faiz ucuzlaşaraq bir barel üçün 86 ABŞ dollarına düşüb.
Məlumata görə, ABŞ və İran bu ay Hörmüz boğazında baş verən hadisələrdən sonra pozulan kövrək atəşkəs fonunda yenidən qarşılıqlı hücumlara başlamışdı. Həmin gərginlik dövründə neft bazarında qiymətlər kəskin yüksəlmişdi.
Keçən həftə Brent markalı neftin qiyməti may ayından bəri ilk dəfə 100 ABŞ dollarından yuxarı qalxmışdı. Lakin tərəflərin hücumları dayandırmasından sonra bazarda risklərin azalması qiymətlərin yenidən enməsinə səbəb olub.
Ekspertlər hesab edirlər ki, Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti və xüsusilə Hörmüz boğazında baş verən hadisələr yaxın dövrdə də neft bazarında qiymətlərin əsas müəyyənedicilərindən biri olaraq qalacaq.