BAKI,VOA Həcər Nəzərova
Rusiya cümə günü Ukraynanın paytaxtı Kiyev və ətrafına növbəti genişmiqyaslı pilotsuz uçuş aparatı hücumları həyata keçirib. İki gün ardıcıl davam edən zərbələr nəticəsində anbarlar və yaşayış evləri zədələnib.
Kiyev vilayətinin qubernatoru Timur Tkaçenko bildirib ki, paytaxt yaxınlığında azı bir nəfər həlak olub. Hücumlar nəticəsində 14 anbar, 16 fərdi yaşayış evi və üç çoxmənzilli bina zərər görüb.
Cümə günü səhər Kiyevdə hava hücumu xəbərdarlığı siqnalları dəfələrlə səslənib. Bundan bir gün əvvəl Rusiya Ukraynanın müxtəlif bölgələrinə raket və dronlarla zərbələr endirib. Hücumların əsas hədəfləri arasında iri pərakəndə satış və logistika obyektləri də olub.
Ukraynanın aparıcı özəl kuryer şirkəti “Nova Poçta” Kiyev yaxınlığında və Sumı şəhərində çeşidləmə mərkəzlərinin dağıdıldığını açıqlayıb. Zaporojye şəhərində isə Rusiya dronunun “Epitsentr” tikinti və məişət malları mağazasına çırpılması nəticəsində azı dörd nəfər yaralanıb.
Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti son 24 saat ərzində Kiyev vilayətinin 38 dəfə hücuma məruz qaldığını bildirib. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenkonun sözlərinə görə, hücumların məqsədi Kiyevin hava hücumundan müdafiəsini və əhalini tükəndirərək şəhərin fəaliyyətini iflic etməkdir.
Hücumlar nəqliyyat sisteminə də təsir göstərib. Ukrayna Dövlət Dəmir Yolları qatarların hərəkətində yaranan gecikmələrin tədricən azaldığını, lakin zərbələrin və hava hücumu xəbərdarlıqlarının fəsadlarının daha bir gün davam edə biləcəyini açıqlayıb.
Rusiyanın Xarkovdakı ticarət mərkəzinə də zərbə endirdiyi bildirilib. Bundan əlavə, Kiyev vilayətində gündə minlərlə kitab göndərən iri kitab satıcısına məxsus anbar dron hücumu nəticəsində dağıdılıb.