BAKI,VOA, Fərid Mikayılov
İsveç Finlandiyanın müraciətindən sonra bu ölkəyə “Gripen” qırıcı təyyarələri və hərbi gəmilər göndərəcək. İsveç qüvvələrinin Finlandiya-Rusiya sərhədi boyunca riskli hesab edilən ərazilərdə patrul fəaliyyətinə cəlb olunacağı bildirilir.
VOA xəbər verir ki, İsveç Silahlı Qüvvələri yaxın vaxtlarda Finlandiyaya hərbi bölmələr göndərəcək. Hərbi dəstəyə “Gripen” qırıcı təyyarələri və İsveç Hərbi Dəniz Qüvvələrinin gəmiləri də daxil olacaq.
Qırıcı təyyarələr və hərbi gəmilərin Finlandiya-Rusiya sərhədi boyunca təhlükəli hesab edilən ərazilərdə patrul fəaliyyəti həyata keçirəcəyi bildirilir.
Bundan əlavə, ehtiyac yaranacağı təqdirdə İsveç payız aylarında Finlandiyaya pilotsuz uçuş aparatlarına qarşı mübarizə bölmələri də göndərə bilər.
İsveçin müdafiə naziri Pol Yonson bildirib ki, NATO müttəfiqləri olan İsveç və Finlandiya Baltik dənizi regionunda, eləcə də NATO-nun şərq cinahında güclü çəkindirmə və müdafiə imkanlarının vacibliyi məsələsində ortaq mövqeyə malikdir.
Bundan əvvəl İsveçin “Gulfstream S102B Korpen” kəşfiyyat təyyarəsinin Rusiya sərhədləri yaxınlığında uçuş həyata keçirdiyi barədə məlumat yayılmışdı.