Səudiyyə Ərəbistanının fintex şirkətləri tərəfindən sənaye layihələrinə ayrılan maliyyə vəsaitlərinin həcmi 2026-cı ilin birinci yarısında 130 faiz artaraq rekord həddə - 541 milyon Səudiyyə riyalına (təxminən 144 milyon dollar) çatıb. Bu sıçrayış hökumətin istehsalçılar üçün alternativ maliyyə mənbələrinə çıxışı genişləndirməsi fonunda baş verib.Sənaye və Mineral Ehtiyatlar Nazirliyinin məlumatına görə, ötən ilin eyni dövründə bu göstərici 234 milyon riyal təşkil etmişdi. Nazirlik bildirib ki, qeydə alınan artım Krallığın sənaye sektorunun böyüməsini və genişlənməsini dəstəkləmək üçün daha şaxələndirilmiş maliyyə həlləri təqdim etmək səylərinin nəticəsidir. Bu təşəbbüslər "Səudiyyə Vizyonu 2030" çərçivəsində iqtisadi şaxələndirmənin əsas sütunlarından biri kimi sənayeni gücləndirmək və sənaye investisiyaları üçün maliyyə seçimlərini artırmaq məqsədi daşıyır.
Top-10 texnologiya nəhəngi sırasına doğru - Ər-Riyadda möhtəşəm Rəqəmsal Bölgə yaradılır
Artım həmçinin nazirliyin fintex şirkətləri ilə tərəfdaşlıqları genişləndirməsi sayəsində mümkün olub; əməkdaşlıq edilən şirkətlərin sayı 2025-ci ilin birinci yarısındakı 3-dən 7-yə yüksəlib. Nazirliyin açıqlamasına əsasən, bu tərəfdaşlara "Tameed", "Tarmeez Finance", "Dinar", "Forus", "Yanal", "Sukuk" və "Lendo" daxildir.
"Bu tərəfdaşlıqlar sənaye müəssisələrinin üzləşdiyi maliyyə çətinliklərini aradan qaldırmağı və onları istehsalın fasiləsizliyini təmin edən çevik və innovativ kredit həlləri ilə əlaqələndirməyi hədəfləyir".- deyə Nazirlik bəyanatında bildirib.Təqdim olunan maliyyə məhsullarına dövriyyə kapitalının maliyyələşdirilməsi, faktura maliyyələşdirməsi və sənaye layihələrinin genişləndirilməsi üçün vəsaitlər daxildir.
Maliyyəyə çıxış imkanlarının genişləndirilməsi
Nazirlik sahibkarlar və sənaye investorları üçün fintex həlləri və onlardan istifadə qaydaları barədə məlumatlılığı artırmaq məqsədilə seminarlar təşkil edib. Eyni zamanda, sənaye şirkətlərinin öz ehtiyaclarına uyğun maliyyə resurslarına çıxışını asanlaşdırmaq üçün zavod və fabriklərin məlumat bazası maliyyə təminatçıları ilə bölüşülüb.
Məlumata görə, Səudiyyə Ərəbistanının sənaye sektoruna yönələn fintex maliyyələşməsi 2023-cü ildəki 317 milyon riyaldan və 2024-cü ildəki 569 milyon riyaldan sonra 2025-ci ildə 36 faiz artaraq 774 milyon riyala çatmışdı. 2026-cı ilin ilk altı ayının göstəricisi artıq ötən ilin ümumi maliyyələşmə həcminin təxminən 70 faizini təşkil edir ki, bu da sənaye müəssisələri üçün fintex əsaslı maliyyənin sürətli inkişafını göstərir.
1000 islahat və 1200 yeni qanun - Səudiyyənin biznes inqilabı və qlobal yüksəlişi necə başladı?
Nazirlik sənaye üzrə kredit portfelini daha da böyütməyi, sektorun tələblərinə uyğun yeni maliyyə alətləri tətbiq etməyi, fintex tərəfdaşlarının və faydalananların sayını artırmağı planlaşdırdığını açıqlayıb.
Sənaye maliyyələşməsindəki son artım requlyatorların yeni mexanizmlər hazırlaması ilə eyni vaxta təsadüf edir. Belə ki, Səudiyyə Ərəbistanı Mərkəzi Bankı təchizat zəncirinin maliyyələşdirilməsi və təchizat zənciri maliyyə vasitəçiliyini tənzimləyən qaydalar layihəsi üzrə ictimai rəy sorğusuna başlayıb. Təklif olunan hüquqi çərçivə sektorun böyüməsini dəstəkləmək və sahibkarlarla maliyyə əməliyyatlarının səmərəliliyini artırmaq məqsədi daşıyır.