BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp İranın ali rəhbəri Müctəba Xameneinin öldüyünü düşünmədiyini, lakin onun çox ağır yaralandığına inandığını bildirib. Müctəba Xameneinin səhhəti və harada olması ilə bağlı bir neçə aydır müxtəlif məlumatlar yayılır.
VOA xəbər verir ki, Tramp amerikalı şərhçi Qlenn Bekə müsahibəsində Müctəba Xameneinin sağ olduğunu düşündüyünü deyib.
“Mən onun öldüyünü düşünmürəm. Əgər ölübsə, İran rəsmiləri bunu çox yaxşı gizlədirlər. Çünki onlar qərarlarla bağlı son razılığı almaq üçün daim onunla danışmağa getdiklərini bildirirlər”, – Tramp deyib.
ABŞ Prezidenti Müctəba Xameneinin səhhətinin ağır olduğunu iddia edib. Onun sözlərinə görə, İranın ali rəhbəri hücumlar zamanı ciddi xəsarətlər alıb.
Tramp Müctəba Xameneinin bədəninin sol tərəfinin, o cümlədən qolunun və ayağının ağır yaralandığını iddia edib. Bu məlumat İran hakimiyyəti tərəfindən açıq şəkildə təsdiqlənməyib.
Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmaması onun səhhəti ilə bağlı müxtəlif ehtimalların yayılmasına səbəb olub. İranın ali rəhbəri son aylarda dövlət idarəçiliyi ilə bağlı bir sıra qərarlar versə də, ictimai tədbirlərdə görünməyib.
Müctəba Xamenei atası, İranın uzun illər ali rəhbəri olmuş Əli Xameneinin fevralın 28-də ABŞ və İsrailin hücumları nəticəsində öldürülməsindən sonra ölkənin yeni ali rəhbəri seçilib.