BAKI,VOA Orxan Qədirzadə
ABŞ Senatına Miçiqan ştatından namizəd Əbdül əl-Səid respublikaçı rəqibi Mayk Rocersi böyük əczaçılıq şirkətlərindən milyonlarla dollar almaqda və onların maraqlarına uyğun səs verməkdə ittiham edib.
Əl-Səid Detroitdə keçirdiyi mətbuat konfransında Rocersin Konqresdə 14 il ərzində əczaçılıq şirkətlərindən 5 milyon dollardan çox vəsait aldığını, sərvətinin isə 14,6 milyon dollara çatdığını bildirib. O, rəqibinin Florida ştatında malikanə və iki yaxta aldığını da iddia edib.
Demokrat namizəd Rocersi siyasi vəzifədən şəxsi maraqlar üçün istifadə etməkdə, Donald Trampı dəstəkləmək müqabilində hər cür vəsaiti qəbul etməkdə ittiham edib. O, həmçinin Konqres üzvlərinin səhm alqı-satqısına məhdudiyyət qoyulmasını və siyasətdə korporativ pulların təsirinin azaldılmasını müdafiə edib.
Misir əsilli ailədən gələn Əbdül əl-Səid özünün ərəb və afrikalı kimliyi ilə fəxr etdiyini vurğulayıb. O, Detroitdə səhiyyə xidmətlərinin genişləndirilməsi və uşaqların tibbi ehtiyaclarının qarşılanması istiqamətində gördüyü işləri də diqqətə çatdırıb.
Əl-Səid rəqibini beş debat keçirməyə çağıraraq seçicilərin qarşısına üz-üzə çıxmağa səsləyib.