BAKI,VOA,Yusif Şərifzadə
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud Romada keçirilən "İki Dövlətli Həll üzrə Qlobal Alyans"ın iclası çərçivəsində İtaliyanın xarici işlər naziri Antonio Tayani ilə görüşüb. Tərəflər Qəzzada atəşkəsin qorunmasının vacibliyini bir daha vurğulayıblar.
VOA xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı birgə bəyanatda nazirlərin Qəzzada atəşkəsin davam etdirilməsinin, bölgənin silahsızlaşdırılmasının, humanitar yardımın mülki əhaliyə maneəsiz çatdırılmasının və erkən bərpa işlərinə başlanmasının zəruriliyini təsdiqlədikləri bildirilib. Bəyanatda həmçinin Fələstin Administrasiyasının həyata keçirdiyi islahatlara dəstək ifadə olunub.
Sənəddə İordan çayının qərb sahilində məskunlaşan yəhudi sakinlərin zorakılıq hallarının artması pislənilib və fələstinli mülki əhalinin qorunmasının təxirəsalınmaz zərurət olduğu vurğulanıb. Tərəflər Qərb sahilinin tam, qismən və ya faktiki ilhaqına, eləcə də fələstinlilərin məcburi köçürülməsinə qarşı olduqlarını bir daha bəyan ediblər.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin oktyabrında qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, sonrakı dövrdə İsrailin hücumları nəticəsində azı 1 207 nəfər həlak olub, 3 914 nəfər isə yaralanıb. İsrail bu məlumatlarla bağlı hələlik rəsmi münasibət bildirməyib.
Nazirlər Hörmüz boğazındakı vəziyyəti də müzakirə edərək, bu dəniz yolunun qlobal əhəmiyyətini vurğulayıb və dəniz nəqliyyatını məhdudlaşdıra biləcək birtərəfli addımlara qarşı olduqlarını bildiriblər.