BAKI,VOA,Yusif Şərifzadə
Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti husiləri İranın dəstəyi ilə Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçən gəmilər üçün ödəniş sistemi yaratmağa cəhd göstərməkdə ittiham edib.
VOA xəbər verir ki, Yəmənin informasiya naziri Müəmmər əl-İryani bildirib ki, husilər İranın İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərliyi və dəstəyi ilə dünyanın ən strateji dəniz marşrutlarından birini silahlı fəaliyyətlərini maliyyələşdirmək üçün daimi gəlir mənbəyinə çevirməyə çalışırlar.
Nazirin sözlərinə görə, bu qiymətləndirmə yeni əldə edilmiş və təsdiqləndiyi iddia olunan kəşfiyyat məlumatlarına əsaslanır. O bildirib ki, həmin məlumatlarda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun mütəxəssisləri və müşavirlərinin layihənin texniki və inzibati mexanizminin hazırlanmasında birbaşa iştirak etdiyi göstərilir.
Əl-İryani əlavə edib ki, plan çərçivəsində gəmiçilik şirkətlərindən və kommersiya gəmilərindən ödənişlərin toplanmasına cavabdeh olacaq ayrıca qurumun yaradılması nəzərdə tutulur.
Bab əl-Məndəb boğazı son aylarda Hörmüz boğazındakı gərginlik fonunda Səudiyyə Ərəbistanından dünya bazarına neft daşınması üçün əsas marşrutlardan birinə çevrilib.
Husilər və İran bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyiblər. Məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.