BAKI,VOA,Yusif Şərifzadə
Qəzza Səhiyyə Nazirliyi bildirib ki, 2023-cü ilin oktyabrından İsrailin hərbi əməliyyatları başlayandan bəri Qəzza zolağında 60 mindən çox uşaq ən azı bir valideynini itirib.
VOA xəbər verir ki, nazirliyin yaydığı hesabata əsasən, ümumilikdə 60 737 uşaq valideynlərindən ən azı birini itirib. Onlardan 52 095-i atasını, 5 929-u anasını, 2 713-ü isə hər iki valideynini itirib.
Hesabatda həmçinin qeyd olunub ki, 2 276 ailə, ümumilikdə 8 858 nəfər mülki qeydiyyat sistemindən tamamilə silinib. Nazirliyin məlumatına görə, bu ailələrin bütün üzvləri həlak olub.
Qəzza Səhiyyə Nazirliyi 2023-cü ilin oktyabrından bəri həlak olan fələstinlilərin sayının 73 mini keçdiyini açıqlayıb. Nazirlik həmçinin bildirib ki, ötən ilin oktyabrında əldə olunmuş atəşkəs razılaşmasına baxmayaraq, İsrail Qəzza zolağında hərbi əməliyyatları davam etdirir və bu müddətdə 1 100-dən çox insan həlak olub.
İsrail tərəfi Qəzza Səhiyyə Nazirliyinin açıqladığı son statistika ilə bağlı hələlik rəsmi münasibət bildirməyib. Məlumatlar müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.