BAKI,VOA Orxan Qədirzadə
NATO-nun baş katibi alyansın ən yüksək siyasi və inzibati vəzifəli şəxsi hesab olunur. Baş katib təşkilatın əsas qərar qəbuletmə orqanlarına sədrlik edir, üzv dövlətlər arasında siyasi əlaqələndirməni həyata keçirir, beynəlxalq katibliyin fəaliyyətinə rəhbərlik edir və alyansın əsas nümayəndəsi kimi çıxış edir.
NATO ölkələri ilk baş katibi 4 aprel 1952-ci ildə seçiblər. Həmin vaxtdan etibarən alyansa ümumilikdə 14 baş katib rəhbərlik edib. Bu müddətdə baş katiblər səkkiz müxtəlif ölkəni təmsil ediblər. Onlardan üçü Böyük Britaniyadan, üçü Niderlanddan, ikisi Belçikadan, hərəyə biri isə İtaliya, Almaniya, İspaniya, Danimarka və Norveçdən olub. Baş katiblər arasında keçid dövrlərində isə üç dəfə vəzifə müvəqqəti icraçı baş katiblər tərəfindən yerinə yetirilib.
NATO tarixində ilk baş katib Böyük Britaniyanı təmsil edən Heystinqs İsmay olub. O, 4 aprel 1952-ci ildən 16 may 1957-ci ilədək bu vəzifədə çalışıb. Ondan sonra Belçikadan Pol-Anri Spaak, Niderlanddan Dirk Stikker, İtaliyadan Manlio Brozio, yenidən Niderlanddan Yozef Luns, Böyük Britaniyadan Piter Karrinqton, Almaniyadan Manfred Vörner, Belçikadan Villi Klas, İspaniyadan Xavyer Solana, Böyük Britaniyadan Corc Robertson, Niderlanddan Yaap de Hoop Şeffer, Danimarkadan Anders Foq Rasmussen və Norveçdən Yens Stoltenberq NATO-ya rəhbərlik ediblər.
2024-cü il oktyabrın 1-dən etibarən NATO-nun baş katibi vəzifəsini Niderlandın sabiq baş naziri Mark Rütte icra edir.
Keçid dövrlərində baş katib səlahiyyətlərini üç dəfə müvəqqəti olaraq icra edən şəxslər də olub. İtaliyanı təmsil edən Serco Balanzino 1994 və 1995-ci illərdə iki dəfə bu vəzifəni müvəqqəti icra edib. Daha sonra italiyalı Alessandro Minuto-Rizzo 2003-cü ilin sonu və 2004-cü ilin əvvəllərində baş katib səlahiyyətlərini müvəqqəti yerinə yetirib.
Baş katibin fəaliyyət dairəsi kifayət qədər genişdir. O, NATO-nun ali siyasi qərar qəbuletmə orqanı olan Şimali Atlantika Şurasına sədrlik edir. Eyni zamanda Müdafiənin Planlaşdırılması Komitəsi, Nüvə Planlaşdırılması Komitəsi, Avro-Atlantik Tərəfdaşlıq Şurası, Aralıq dənizi Əməkdaşlıq Qrupu, NATO-Ukrayna Komissiyası və digər mühüm platformalarda alyansın fəaliyyətini əlaqələndirir. Baş katib NATO-nun Beynəlxalq Katibliyinə və Baş Katib Aparatına rəhbərlik edir, təşkilatın üzv ölkələrindən olan əməkdaşların işini koordinasiya edir. Onun fəaliyyətinə dəstək məqsədilə baş katib tərəfindən təyin edilən müavin də fəaliyyət göstərir.
Hazırda NATO-nun baş katibinin müavini vəzifəsini 2024-cü ildən Şimali Makedoniyanı təmsil edən Radmila Şekerinska icra edir. Bu posta indiyədək Niderland, İtaliya, Kanada, Türkiyə, ABŞ, Rumıniya və digər üzv ölkələrin nümayəndələri təyin olunublar.
NATO-da baş katibin seçilməsi üçün nizamnamədə təsbit olunmuş rəsmi seçki mexanizmi mövcud deyil. Vəzifəyə təyinat üzv dövlətlərin ümumi razılığı, yəni konsensus əsasında həyata keçirilir. Namizəd üzərində razılıq adətən rəsmi olmayan diplomatik danışıqlar nəticəsində əldə edilir. Bununla belə, proses zaman-zaman fikir ayrılıqları ilə müşayiət oluna bilir.
Bunun ən tanınmış nümunələrindən biri 2009-cu ildə yaşanıb. Həmin vaxt Türkiyənin etirazı səbəbindən Anders Foq Rasmussenin NATO-nun baş katibi seçilməsi prosesi mübahisələrlə müşayiət olunub və yekun razılıq yalnız diplomatik danışıqlardan sonra əldə edilib.
Ənənəyə görə NATO-nun ali hərbi vəzifəsi sayılan Avropadakı Müttəfiq Qüvvələrin Ali Komandanı postunu ABŞ nümayəndəsi tutur, baş katib isə adətən Avropa ölkələrindən seçilir. Bununla belə, NATO-nun təsis sənədlərində baş katibin Kanada və ya ABŞ vətəndaşı olmasını qadağan edən hər hansı hüquqi norma mövcud deyil.