#Heystinqs İsmay

NATO-nun baş katibi alyansın ən yüksək siyasi və inzibati vəzifəli şəxsi hesab olunur. Baş katib təşkilatın əsas qərar qəbuletmə orqanlarına sədrlik edir, üzv dövlətlər arasında siyasi əlaqələndirməni həyata keçirir, beynəlxalq katibliyin fəaliyyətinə rəhbərlik edir və alyansın əsas nümayəndəsi kimi çıxış edir. NATO ölkələri ilk baş katibi 4 aprel 1952-ci ildə seçiblər. Həmin vaxtdan etibarən alyansa ümumilikdə 14 baş katib rəhbərlik edib. Bu müddətdə baş katiblər səkkiz müxtəlif ölkəni təmsil ediblər. Onlardan üçü Böyük Britaniyadan, üçü Niderlanddan, ikisi Belçikadan, hərəyə biri isə İtaliya, Almaniya, İspaniya, Danimarka və Norveçdən olub. Baş katiblər arasında keçid dövrlərində isə üç dəfə vəzifə müvəqqəti icraçı baş katiblər tərəfindən yerinə yetirilib.