BAKI,VOA
Osmanlı qaynaqlarında Hüdavəndigar və ya Qazi Hünkar, Qərb mənbələrində isə Amurad kimi adı keçən I Muradın üç oğlu var idi: Şəhzadə Bəyazid, Yaqub Çələbi və Savcı bəy.
Savcı bəyin üsyanı və taleyi
Qardaşların ən kiçiyi olan Savcı bəy qədim türk adət-ənənəsinə uyğun olaraq ata yurdunun, yəni Bursanın idarəçiliyinə təyin edildi. Ehtimal ki, bu vəzifənin üstünlüyü ilə o, digər qardaşları ilə müqayisədə özünə kifayət qədər böyük tərəfdar qazandı.
Gənc yaşlarında qazandığı güc tezliklə gözünü qaraltdı və 1385-ci ildə Bizans imperatoru V İoannesin oğlu Andronikosla birlikdə atalarının Anadoluya getdiyi səfərdən istifadə edərək üsyan qaldırdılar. Lakin onların üsyanı qısa müddətdə yatırıldı və I Murad əvvəlcə Savcı bəyin gözünü çıxartdırdı, sonra isə boğdurdu.
Yaqub Çələbi və Şəhzadə Bəyazid
Muradın digər oğlu Yaqub Çələbi Karesidə sancaq bəyi idi. Şəhzadə Bəyazid isə Germiyanoğlu Süleyman Çələbinin qızı ilə evli idi və həyat yoldaşının cehizi müqabilində Osmanlılara qalan Kütahya, Emed, Simav və Tavşanlının idarəsini öz üzərinə götürdü.
Gizli qalan şəhzadə: İbrahim
Tarixçi Hüseyn Hüsaməddin “Amasiya tarixi” adlı kitabında I Muradın İbrahim adlı başqa oğlunun olduğunu, bu şəhzadənin Bursa valisi olduğunu, atasının ölüm xəbərini eşidib Bursada hökmdarlığını elan etdiyini, lakin İldırım Bəyazid tərəfindən edam edildiyini qeyd edir.
Türk tarixçi və akademik Mükrimin Halil Yinanç vəqf qeydlərinə əsaslanaraq I Muradın oğulları arasında İbrahimin adını da qeyd edir, lakin bu şahzadənin həyatı, fəaliyyəti və taleyi haqqında heç bir məlumat vermir.