BAKI,VOA,Yusif Şərifzadə
Fələstin İnsan Haqları Mərkəzi (PCHR) İsrailin Qəzza zolağında yaşayış evləri, məcburi köçkün çadırları, sığınacaqlar, mülki insanların toplaşdığı ərazilər və mülki nəqliyyat vasitələrinə endirdiyi zərbələrin sistemli xarakter daşıdığını bəyan edib.
VOA xəbər verir ki, təşkilatın yaydığı açıqlamada bu hücumların genişmiqyaslı və sistemli şəkildə həyata keçirildiyi bildirilib.
PCHR iddia edib ki, hücumlar Qəzza zolağında həyat üçün zəruri şəraitin məhv edilməsinə yönəlmiş ümumi siyasətin tərkib hissəsidir. Təşkilat bu siyasətin kütləvi insan itkiləri, geniş dağıntılar, aclıq və məcburi köçürmələrlə müşayiət olunduğunu qeyd edib.
Bəyanatda Qəzzada yaşayan iki milyondan artıq fələstinliyə qarşı davam edən hadisələr "soyqırımı" kimi qiymətləndirilib.
Fələstin İnsan Haqları Mərkəzi beynəlxalq ictimaiyyəti hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə çağıraraq, Qəzza zolağında baş verdiyini iddia etdiyi soyqırımı və digər beynəlxalq cinayətlərin dayandırılması üçün təcili addımlar atmağa çağırıb.
İsrail tərəfinin bu açıqlamaya münasibəti hələlik məlum deyil.