BAKI,VOA,Yusif Şərifzadə
Chrysler şirkətinin sahibi olan Stellantis təhlükəsizlik kəmərində aşkar edilən qüsura görə dünya üzrə 1,5 milyondan çox Ram 1500 pikapını geri çağıracağını açıqlayıb.
VOA xəbər verir ki, geri çağırılma kampaniyası 2019–2026-cı il buraxılışlı Ram 1500 avtomobillərini əhatə edir. Şirkətin məlumatına görə, bəzi avtomobillərdə ikinci sıra oturacaqların mərkəzi və ya sürücünün arxasındakı təhlükəsizlik kəmərinin bərkidici hissəsi avtomobilin kuzovuna lazımi qaydada bərkidilməyib.
Bildirilir ki, bu qüsur ikinci sıra təhlükəsizlik kəməri sisteminin fəaliyyətinə mənfi təsir göstərə və qəza zamanı sərnişinlərin xəsarət alma riskini artıra bilər.
Stellantis geri çağırılma ilə əlaqəli ola biləcək bir xəsarət hadisəsindən xəbərdar olduğunu, lakin ölüm faktının qeydə alınmadığını bildirib.
Geri çağırılma ABŞ-da 1,27 milyon, Kanadada 156 min, Meksikada 15 min və Şimali Amerikadan kənarda təxminən 75 min avtomobili əhatə edir.
Şirkət avtomobil sahiblərinə rəsmi bildiriş göndərəcək və onlardan səlahiyyətli servis mərkəzlərinə müraciət edərək yoxlamadan keçmələrini xahiş edəcək. Yoxlama zamanı ikinci sıra təhlükəsizlik kəmərinin bərkidici hissəsi yoxlanılacaq və zərurət yaranarsa, avtomobilin kuzovuna düzgün şəkildə bərkidiləcək.