BAKI,AzerVoice
"Bütün dünyaya təsir edəcək şiddətli qasırğa gəlir".
AzerVoice xəbər verir ki, Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri AK Partiyanın Türkiyə
Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı
bildirib. Ərdoğan qlobal iqtisadi böhran təhlükəsi barədə
xəbərdarlıq edib.
ABŞ-ın gömrük tariflərinə dair qərarından sonra beynəlxalq
bazarlarda müşahidə olunan qeyri-sabitliyə toxunan Prezident,
ticarət müharibələrinin dünya iqtisadiyyatına təsir edəcəyini
vurğulayıb. “Tariflərlə başlayan proses artıq qasırğaya çevrilir,
bu fırtına hər kəsə toxunacaq” – deyə, Ərdoğan bildirib.
Dövlət başçısı çıxışında İstanbulda aparılan korrupsiya və terror araşdırmaları fonunda müxalifətin manipulyasiya yaratmaq cəhdlərinə toxunub. O, müxalifəti “Escobar sistemi” qurmaqda və “oyunu səhnələşdirərək milləti aldatmaqda” ittiham edib.
Ərdoğan iqtisadi vəziyyətə də toxunaraq bildirib ki, ticarət, istehsal və ixrac sahəsində neqativ mənzərə gözlənilmir, Türkiyənin maliyyə sistemi isə sabit və güclü proqramla idarə olunur. O, inflyasiyanın tədricən azaldığını və xarici ticarət balansının müsbət istiqamətdə dəyişdiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, Prezident Ərdoğan sabah DEM Partiyası nümayəndə heyətini qəbul edəcəyini açıqlayıb. Görüşdə Türkiyənin terrorla mübarizədə atacağı addımların müzakirə olunacağı gözlənilir.