#korrupsiya

İsraildə keçiriləcək növbəti seçkilərin Baş nazir Benyamin Netanyahu-nun siyasi karyerasında həlledici rol oynaya biləcəyi bildirilir. O, həm regionda davam edən müharibələr, həm də korrupsiya ittihamları səbəbilə ciddi daxili təzyiqlərlə üzləşib. Netanyahu İsrail tarixində ən uzun müddət vəzifədə qalan baş nazir olsa da, qarşıdan gələn seçkilərin onun siyasi gələcəyini dəyişə biləcəyi qeyd olunur. İsrail hazırda həm şimalda Livanla, həm də daha geniş regionda gərginliklə üz-üzədir. ABŞ-ın hərbi əməliyyatların dayandırılması ilə bağlı təzyiqləri vəziyyəti daha da mürəkkəbləşdirir. Eyni zamanda, 7 oktyabr 2023 hadisələri ilə bağlı hökumətin fəaliyyəti ictimai narazılıq doğurub. Korrupsiya ittihamları da Netanyahunun siyasi mövqeyini zəiflədir. Seçkilərin nəticəsinin İsrail siyasətində yeni mərhələ açacağı gözlənilir.

Serbiyanın Novi Sad şəhərində minlərlə insan növbədənkənar seçkilər tələbi ilə etiraz aksiyası keçirib. Aksiya 2024-cü ildə vağzalda baş vermiş və 16 nəfərin ölümü ilə nəticələnmiş faciənin ildönümünə təsadüf edib. Etirazçılar hadisəni korrupsiya və idarəetmə problemləri ilə əlaqələndirirlər. Tələbələrin rəhbərlik etdiyi etiraz hərəkatı ölkə üzrə geniş dəstək qazanıb. Nümayişçilər Prezident Aleksandar Vuçiçi və hakim partiyanı tənqid ediblər. Aksiyada minlərlə insan iştirak edib. Etirazçılar azad və ədalətli seçkilərin keçirilməsini tələb edirlər. Serbiyada siyasi gərginlik davam edir.

İsrailin Baş naziri Benyamin Netanyahunun korrupsiya işi üzrə planlaşdırılmış məhkəmə dinləməsi yenidən təxirə salınıb. Məlumata görə, qərar Netanyahunun təhlükəsizlik və diplomatik məsələlərlə məşğul olması ilə bağlı müraciətindən sonra qəbul edilib. İş uzun müddətdir İsrail siyasətinin ən çox müzakirə olunan hüquqi proseslərindən biri olaraq qalır.

"İmamoğlu mütəşəkkil cinayətkar dəstəsi"nə yönəlik 105-i həbsdə olmaqla, ümumilikdə 407 müttəhim barəsində açılan məhkəmə işinin ilk iclası bu gün başlayır. Məhkəmə prosesinin aprel ayının sonuna qədər həftənin 4 günü davam etməsi planlaşdırılır. İstanbul 40-cı Ağır Cinayətlər Məhkəməsinin 1-ci heyəti tərəfindən Silivridəki Mərmərə Açıq Həbsxana Kompleksinin məhkəmə zalları binasında keçiriləcək mühakimə prosesində aprel ayının sonunadək bazar ertəsi, çərşənbə axşamı, çərşənbə və cümə axşamı günləri iclaslar keçiriləcək. Məhkəmənin ilk günündə müttəhimlərin şəxsiyyətinin müəyyənləşdirilməsi, ittihamnamənin xülasəsinin oxunması və müdafiə çıxışlarının alınması gözlənilir.

Türkiyənin Antalya Respublika Baş Prokurorluğu tərəfindən başlanmış rüşvət və korrupsiya ilə bağlı istintaq çərçivəsində Antalya Böyükşəhər Bələdiyyəsinin (Antalya meriyasının) tabeliyində olan qurumlarda əməliyyat keçirilib. Məlumata əsasən, qurumun rəhbər vəzifələrində çalışan K.Bəkir və E. Necdət daxil olmaqla ümumilikdə 15 nəfər hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar.

Perunun keçmiş dövlət başçısı Martin Viskarra rüşvət alma ittihamı ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. O, eyni zamanda 9 il ərzində dövlət qulluğunda çalışmaqdan məhrum olunub. Paytaxt Lima şəhərində keçirilən məhkəmə prosesində Viskarranın 2011–2014-cü illərdə Moqueqa bölgəsinin rəhbəri olduğu dövrdə bəzi iş adamlarından onları dövlət tenderlərində üstün tutmaq üçün pul aldığı iddia olunub.

İsraildə Baş Nazir Benyamin Netanyahu barəsində korrupsiya ittihamları ilə açılmış məhkəmə işlərinin müddətsiz təxirə salınmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə, koalisiya üzvü deputat Limor Son Har-Melech tərəfindən təqdim olunub və baş prokurorluq tərəfindən “konstitusiyaya zidd” hesab edilib. Müxalifət layihənin ikili ədalət sisteminə yol açacağını bildirərək, Baş Nazirə xüsusi imtiyaz verilməsinin əleyhinə çıxıb. Sağçı Milli Təhlükəsizlik Naziri Itamar Ben-Gvir isə layihənin seçilmişləri siyasi təzyiqdən qoruyacağını bildirib.

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) aid istintaq çərçivəsində, “İstanbul Senin” tətbiqi vasitəsilə 4,7 milyon istifadəçinin şəxsi məlumatları və yer məlumatlarının iki ölkəyə sızdırılması iddiası ilə 15 nəfər saxlanılıb. İstanbul Cumhuriyyət Baş Prokurorluğunun açıqlamasında bildirilir ki, Ekrem İmamoğlu rəhbərliyində fəaliyyət göstərən cinayət təşkilatı ilə bağlı aparılan araşdırmalar zamanı həmin tətbiq vasitəsilə istifadəçi məlumatlarının “darkweb”də satışa çıxarıldığı və “İBB Hanem” adlı alt tətbiqdə 11 milyon vətəndaşın seçki məlumatlarının proqramdan xaricə sızdırıldığı müəyyən edilib.

Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze korrupsiya pozuntularına görə saxlanılıb. Bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, Burçuladze müdafiə naziri vəzifəsində çalışdığı dövrdə xüsusilə böyük məbləğdə rüşvət almaqda ittiham olunur. Həbelə, müxalif “Vahid Milli Hərəkat” partiyasının siyasi şurasının sədri Levan Xabeişvili də saxlanılıb. Onun, hüquq-mühafizə orqanlarının əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirməmələri üçün pul vəsaiti vəd etməkdə ittiham olunduğu qeyd olunub.