BAKI,VOA,Yusif Şərifzadə
Livan Prezidenti Cozef Aun İsrailin ölkənin cənubuna endirdiyi son zərbələri pisləyərək onları mövcud razılaşmaların icrasına yönəlmiş ciddi təhdid kimi qiymətləndirib.
VOA xəbər verir ki, Livan Prezident Administrasiyasının yaydığı açıqlamada Cozef Aun bildirib ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Bofor qalası yaxınlığında baş verən partlayışlar "son dərəcə təhlükəli gərginliyin artması" və mövcud öhdəliklərin açıq şəkildə pozulmasıdır.
Prezident qeyd edib ki, hücumların Romada Üçtərəfli Əməliyyat Çərçivəsinin icrasına dair müzakirələrin davam etdirilməsi üçün nəzərdə tutulan iclas ərəfəsində baş verməsi mənfi mesaj verir və bölgədə sabitliyin möhkəmləndirilməsinə yönəlmiş beynəlxalq səylərə zərbə vurur.
Cozef Aun beynəlxalq ictimaiyyəti və razılaşmanın icrasına dəstək verən tərəfləri üzərlərinə düşən məsuliyyəti yerinə yetirməyə çağırıb.
Onun sözlərinə görə, bu cür hücumlar diplomatik prosesin irəliləməsi imkanlarını təhlükə altına alır, eyni zamanda Livanın cənubunda təhlükəsizlik və sabitliyi sarsıdır.
Livan Prezidenti İsrailin hücumlarının dayandırılmasının bölgədə gərginliyin daha da artmasının qarşısını almaq üçün vacib olduğunu vurğulayıb.