Xəbər lenti

İsrailin Baş naziri Benyamin Netanyahu ölkə ordusunun Livanın cənubunda yerləşən Litani çayını keçdiyini və daha yüksək strateji mövqelərə doğru irəlilədiyini açıqlayıb. Onun sözlərinə görə, əməliyyatlar yalnız cənub bölgəsi ilə məhdudlaşmır və Beyrut, Bəkaa vadisi də daxil olmaqla müxtəlif istiqamətlərdə davam etdirilir. Açıqlama İsrailin Livandakı hərbi fəaliyyətinin daha geniş miqyas aldığını göstərir. Regionda davam edən qarşıdurmalar və son günlər artan hava hücumları fonunda bu bəyanat Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları daha da artırıb.

İsrail ordusu Livanın cənubunda yerləşən əl-Baysariyyə, əs-Sərəfənd və Xirbət Səlim yaşayış məntəqələrinə yeni hava zərbələri endirib. Livan mənbələrinin məlumatına görə, əl-Abbasiyyə yaxınlığında motosikletə endirilən zərbə nəticəsində bir neçə nəfər yaralanıb. Həmçinin cümə günü həyata keçirilən digər hücumlarda azı beş nəfərin həyatını itirdiyi bildirilir. Hadisələr ABŞ vasitəçiliyi ilə uzadılmış atəşkəs rejiminin qüvvədə olduğu bir dövrdə baş verir və bölgədə təhlükəsizlik vəziyyətinin hələ də sabitləşmədiyini göstərir.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə aparılan danışıqlar fonunda Tehranın yalnız əməli addımlara inandığını bəyan edib. O, İranın beynəlxalq arenada əldə etdiyi nəticələrin siyasi vədlərdən deyil, ölkənin hərbi və raket potensialından qaynaqlandığını bildirib. Qalibaf vurğulayıb ki, qarşı tərəf konkret addımlar atmadan Tehran da heç bir addım atmayacaq. Açıqlama İran–ABŞ münasibətlərində etimad böhranının davam etdiyini və tərəflər arasında aparılan danışıqların hələ də mürəkkəb mərhələdə olduğunu göstərir.

Böyük Britaniya hüquq-mühafizə orqanları İranla əlaqəli olduğu ehtimal edilən xarici kəşfiyyat fəaliyyətinə yardım göstərməkdə şübhəli bilinən Yunanıstan vətəndaşı İoannis Aidinidisə qarşı cinayət işi açıb. Terrorla mübarizə polisi tərəfindən saxlanılan 46 yaşlı şəxsin Almaniyada yaşadığı bildirilir. İttihamın Londonda fəaliyyət göstərən və İran hakimiyyətini tənqid edən televiziya kanalının əməkdaşının hədəfə alınması ilə bağlı olduğu qeyd edilir. Böyük Britaniya rəsmiləri araşdırmaların davam etdiyini və hazırda ictimaiyyət üçün birbaşa təhlükə qiymətləndirilmədiyini bildiriblər.

İran İnqilab Keşikçiləri Korpusu son 24 saat ərzində Hörmüz boğazından 24 gəminin keçdiyini açıqlayıb. Qurumun məlumatına görə, strateji su yolunda sıxlığın qarşısını almaq məqsədilə keçidlər xüsusi marşrutlar və koordinasiya mexanizmi əsasında həyata keçirilir. Bir gün əvvəl isə 26 kommersiya gəmisinin boğazdan keçdiyi bildirilmişdi. Açıqlama Hörmüz boğazında nəqliyyatın regional gərginlik fonunda nəzarətli və məhdud şəkildə davam etdiyini göstərir. Dünyanın ən vacib enerji marşrutlarından biri hesab olunan bu su yolunda baş verən proseslər qlobal neft və qaz bazarları üçün xüsusi əhəmiyyət daşıyır.

Livan və İsrail hərbi nümayəndə heyətləri Vaşinqtonda təhlükəsizlik məsələlərini müzakirə etmək üçün bir araya gələcək. Livan tərəfi görüşdə davamlı atəşkəsin təmin olunmasını, İsrail hücumlarının dayandırılmasını və dövlətin ölkə üzrə təhlükəsizlik üzərində tam nəzarət planını təqdim etməyi planlaşdırır. İsrail tərəfi isə danışıqlarda təhlükəsizlik məsələləri və sərhəd vəziyyəti ilə bağlı mövqeyini ortaya qoyacaq. Görüş regionda gərginliyin davam etdiyi və Hizbullahın gələcək rolu ətrafında müzakirələrin intensivləşdiyi bir dövrdə keçirilir.

İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir Hizbullaha qarşı həyata keçirilən əməliyyatların coğrafi məhdudiyyətlərlə məhdudlaşmayacağını bəyan edib. O, İsrailin təşkilata “misli görünməmiş zərər” vurduğunu iddia edərək, təhlükənin mövcud olduğu bütün istiqamətlərdə əməliyyatların davam etdiriləcəyini bildirib. Zamir həmçinin müharibənin başlanğıcından bəri minlərlə Hizbullah döyüşçüsünün öldürüldüyünü irəli sürüb və təşkilatın pilotsuz uçuş aparatlarının yaratdığı təhlükəyə baxmayaraq, İsrail ordusunun vəziyyətə nəzarət edə bildiyini vurğulayıb.

Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin 573-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Türkiyənin yeni uğurlara və zəfərlərə doğru irəliləyəcəyini bildirib. İstanbulda yerləşən Haliç Konqres Mərkəzində təşkil olunan “İstanbulun fəthindən könüllərin fəthinə” adlı proqramda çıxış edən Türkiyə Prezidenti qeyd edib ki, İstanbulun fəthi yalnız hərbi qələbə deyil, həm də böyük sivilizasiya dönüşü olub.

Beynəlxalq təşkilatlar və yüksək səviyyəli liderlər Prezident İlham Əliyevə göndərdikləri məktublarda Azərbaycan Respublikasının suverenliyini, dövlətçiliyini və vətəndaşlarının rifahını möhkəmləndirmək istiqamətində görülən mühüm işləri yüksək qiymətləndiriblər. Avrasiya İqtisadi Komissiyası, MDB Parlamentlərarası Assambleyası və Türk Dövlətləri Parlament Assambleyası Azərbaycan dövlətinin liderliyini, ölkənin beynəlxalq nüfuzunu möhkəmləndirməkdəki rolunu, həmçinin iqtisadi inkişaf yolunda atdığı addımları təqdir edib. Məktublarda Prezident İlham Əliyevə möhkəm cansağlığı, tükənməz enerji, uğurlar və Azərbaycan xalqının rifahı naminə fəaliyyətində davamlı nailiyyətlər arzulandığı vurğulanıb.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu bildirib ki, son bir həftə ərzində Livanda hər 24 saatda orta hesabla 11 uşaq öldürülüb və ya yaralanıb. Qurumun açıqlamasına görə, İsrailin atəşkəsə baxmayaraq ölkə ərazisində hava zərbələrini genişləndirməsi nəticəsində son yeddi gündə ümumilikdə 77 uşaq həyatını itirib və ya müxtəlif dərəcəli xəsarətlər alıb.

Fransa parlamentinin aşağı palatası “Qara qanun” kimi tanınan və XVII–XVIII əsrlərdə köləliyi tənzimləyən mübahisəli hüquqi sənədin ləğvi istiqamətində qərar qəbul edib. Tarixçilər tərəfindən “müasir dövrün ən qəddar hüquqi mətnlərindən biri” adlandırılan “Kod Nuar” adlı qanun insanları mülkiyyətə çevirərək onların alınıb-satılmasına, istismar edilməsinə, cəzalandırılmasına və öldürülməsinə hüquqi zəmin yaradırdı.

Çinin şimal-qərbində yerləşən səhra bölgələrində yeni raket buraxılış platformaları, bunker sistemləri və hərbi rabitə məntəqələrinin inşa edildiyi müəyyən olunub. Peyk görüntülərinə əsaslanan məlumatlar Pekinin nüvə qüvvələrinin müdafiəsini gücləndirmək üçün genişmiqyaslı hərbi infrastruktur yaratdığını göstərir.

Beynəlxalq Atom Enerjisi Agentliyi (UAEA) Ukraynadakı Zaporijya Atom Elektrik Stansiyasınin xarici elektrik təchizatını müvəqqəti olaraq yenidən itirdiyini açıqlayıb. MAQATE rəhbəri Rafael Qrossi vəziyyətin səbəbinin hələlik məlum olmadığını, lakin hadisənin nüvə təhlükəsizliyi ilə bağlı risklərin davam etdiyini göstərdiyini bildirib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ rəsmilərinin Oman Sultanlığına qarşı səsləndirdiyi təhdid xarakterli bəyanatları kəskin şəkildə pisləyib. Bəqai bildirib ki, ABŞ Maliyyə Nazirliyinin Omanı sanksiyalarla hədələməsi və ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən sərt açıqlamalar “müstəqil BMT üzv dövlətinə qarşı təzyiq və şantaj cəhdi” kimi qiymətləndirilməlidir.

Fransa hökuməti Qəzzaya yardım aparmağa çalışan fəal flotiliyada iştirak edən Fransa vətəndaşlarına qarşı rəftarla bağlı prokurorluğa müraciət edib. Nazirin sözlərinə görə, Türkiyədə fəaliyyət göstərən Fransa baş konsulunun hazırladığı hesabat əsasında fəallara qarşı seksual zorakılıq, soyuğa məruz qoyulma, döyülmə və təhqiredici rəftar halları barədə məlumatlar əldə olunub.

İsrail ordusunun atəşkəs rejiminə baxmayaraq Livanın cənubunda yerləşən səhiyyə mərkəzinə hava zərbəsi endirdiyi bildirilib. Bununla yanaşı, İsrail ordusunun Sur bölgəsinə bağlı Deyr Kanun ən-Nəhr qəsəbəsində yerləşən səhiyyə mərkəzini də hədəf aldığı bildirilib.

Argentina millisinin heyəti 2026-cı il dünya çempionatı üçün açıqlanıb və siyahıda Lionel Messinin də adı yer alıb. Beləliklə, turnirdə meydana çıxacağı təqdirdə Messi karyerasında altıncı dəfə dünya çempionatında iştirak etmiş olacaq və mundial tarixində ən çox iştirak edən futbolçu rekorduna sahib çıxacaq.