İraq Hökumətinin Başçısı Əli Falih əz-Zeydi şənbə günü ölkədə korrupsiya sisteminin birdəfəlik məhv edilməsinin və nazirlik layihələri ilə yanaşı, vilayətlərdəki layihələrin də ciddi şəkildə təqib olunmasının vacibliyini bəyan edib. Federal Dürüstlük Komissiyasının baş qərargahına səfəri zamanı əz-Zeydi korrupsiyaya qarşı mübarizənin böyük bir döyüş olduğunu və Dürüstlük Komissiyasının bu mübarizədə birinci müdafiə xəttini təşkil etdiyini vurğulayıb.
İraqda Əl-Zeydi hökumətinin tərksilah planı və daxili bölünmələr
Əz-Zeydi komissiyanın fəaliyyətinin təkcə nəzarət mexanizmi ilə məhdudlaşmamalı olduğunu, həm də qabaqlayıcı tədbirləri əhatə etməli olduğunu bildirib. O, nəzarət səylərinin daha səmərəli yönləndirilməsini təmin etmək üçün layihələrin həcminə və maliyyə dəyərinə uyğun olaraq üç səviyyə üzrə - əvvəlcə yüksək büdcəli, sonra orta və ardınca kiçik layihələr üzrə izlənməsinin vacibliyini diqqətə çatdırıb.
Hökumət başçısı həmçinin korrupsiya halları barədə məlumat verənlərin mükafatlandırılması haqqında qanunun fəallaşdırılmasını, sərhəd-keçid məntəqələrinə nəzarətin gücləndirilməsini, korrupsionerlərin ifşa olunmasını, eləcə də korrupsiyaya qarşı mübarizənin gedişatı və nəticələri barədə aylıq və rüblük hesabatların təqdim edilməsini tələb edib.
Çirkli pullar və SEPAH-İran İraqda nə gizlədir?
Öz növbəsində, Dürüstlük Komissiyasının rəhbəri Məhəmməd Əli əl-Lami dövlət qurumlarındakı müqavilələri yoxlayan sahə qruplarının artıq 8 nazirliyin müqavilələrinin auditini tamamladığını, digər qurumlarda isə işlərin davam etdiyini bildirib. O əlavə edib ki, 2030-cu ilə qədər olan dövrü əhatə edən Şəffaflıq və Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Strategiya tam hazırlanıb və komissiya dövlət vəsaitlərinin qorunması istiqamətində qətiyyətlə irəliləməyə hazırdır.
Qeyd edək ki, İraq Hökumətinin Başçısı bir neçə aydır korrupsiyaya bulaşmış şəxslərə qarşı ən genişmiqyaslı əməliyyatlara rəhbərlik edir. Bu tədbirlər çərçivəsində İraq parlamentinin 12-dən çox deputatı, Neft və Elektrik nazirliklərinin bir sıra nazir müavinləri, baş direktorlar və müşavirlər istintaqa cəlb olunub; yüz milyardlarla İraq dinarı, külli miqdarda xarici valyuta, qızıl külçələr, zinət əşyaları, bahalı saatlar, həmçinin çoxsaylı saray və geniş fermalar müsadirə edilib.