BAKI,VOA, Həcər Nazarova
İsrailin pilotsuz uçuş aparatının (PUA) Qəzzanın mərkəzində yerləşən Deyr əl-Bələh şəhərindəki Əl-Əqsa Şəhidləri Xəstəxanasının ərazisində çadıra zərbə endirməsi nəticəsində naməlum sayda fələstinli yaralanıb.
VOA xəbər verir ki, PUA xəstəxana kompleksinin ərazisindəki çadırı hədəfə alıb. Yaralananların sayı və xəsarətlərin ağırlıq dərəcəsi barədə hələlik məlumat verilməyib.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, İsrailə məxsus kvadrokopter Qəzzanın şimalındakı Kamal Advan Xəstəxanasının arxasına da partlayıcı qurğu atıb.
Hücumlar Qəzza zolağında son günlər intensivləşən İsrail zərbələri fonunda baş verib. Bu zərbələrin atəşkəsə baxmayaraq davam etdiyi bildirilir.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, son 48 saat ərzində anklavın müxtəlif bölgələrinə endirilən İsrail zərbələri nəticəsində azı 9 fələstinli həlak olub, 18 nəfər yaralanıb.