#Yaxın Şərq təhlükəsizliyi

İraq Səudiyyə Ərəbistanı və İran arasında vahid təhlükəsizlik üzrə əlaqələndirmə şurasının yaradılmasını təklif edib. Bağdad təşəbbüslə iki ölkə arasında etimadsızlığın azaldılmasını və regional təhlükəsizlik üzrə əməkdaşlığın gücləndirilməsini hədəfləyir. Bu barədə İraqın baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Qasim Əl-Ərəci açıqlama verib. Onun sözlərinə görə, təklif həm İran, həm də Səudiyyə Ərəbistanına təqdim olunub. Təşəbbüsün detalları isə açıqlanmayıb və Riyadla Tehran tərəfindən hələlik rəsmi münasibət bildirilməyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan qarşılıqlı müdafiə sazişinə qoşula biləcəyini bildirib. Ərdoğan “Əl-Cəzirə”yə müsahibəsində Məkkə Birgə Müdafiə Sazişinin yeni üzvlərin qoşulmasına açıq olduğunu və Qahirənin mümkün iştirakının nəzərdən keçirilən variantlardan biri olduğunu deyib.

Yəməndə qanuni hökuməti dəstəkləyən Ərəb koalisiyasının Birgə Qüvvələr Komandanlığı Husilərin Səudiyyə Ərəbistanının Nəcran bölgəsinə həyata keçirdiyi hücum nəticəsində 11 mülki şəxsin yaralandığını açıqlayıb. Koalisiyanın rəsmi sözçüsü general-mayor Turki əl-Maliki bildirib ki, hücumlar 6 avqust 2026-cı il tarixində həyata keçirilib. Yaralananlardan 7-si Səudiyyə Ərəbistanı vətəndaşı, o cümlədən bir qadın və ikinci dərəcəli yanıq xəsarəti alan 4 yaşlı uşaqdır.

Yaxın Şərq regionunun təhlükəsizlik arxitekturası onilliklərdir ki, Tehran rejiminin ekspansionist xarici siyasəti, məzhəb amilindən siyasi alət kimi istifadə etməsi və Körfəz ölkələrinə qarşı rəsmi şəkildə yürütdüyü aqressiv hərbi doktrina səbəbindən dərin regional böhran içərisindədir. Özünü hər zaman İslam həmrəyliyinin müdafiəçisi və regionda sabitliyin tərəfdarı kimi təqdim etməyə çalışan İran, praktiki müstəvidə ərəb ölkələrinin suverenliyinə, ərazi bütövlüyünə və daxili sabitliyinə qarşı rəsmi ikili standartlar və qanlı proksi (vəkil) müharibələri yürüdür. Son dövrlərdə Qətərin, Səudiyyə Ərəbistanının və Küveytin rəsmi səviyyədə İrana qarşı irəli sürdüyü kəskin ittihamlar, Tehranın regional təhdidlərinin artıq kritik və dözülməz bir həddə çatdığını rəsmən nümayiş etdirir.

İsrail–Livan sərhədində hərbi vəziyyət daha da mürəkkəbləşir. Hizbullah Livanın cənubunda yerləşən Litani çayı ətrafında İsrail qüvvələri ilə qarşıdurmaya girdiyini və bir sıra hərbi mövqeləri raket və artilleriya zərbələri ilə hədəfə aldığını açıqlayıb. Son günlər bölgədə pilotsuz uçuş aparatları, hava hücumları və təxliyə çağırışları ilə müşayiət olunan hadisələrin artması sərhəd xəttində yeni eskalasiya ehtimallarını gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, qarşılıqlı hərbi əməliyyatların intensivləşməsi regional təhlükəsizlik vəziyyətinə daha geniş təsir göstərə bilər.

İsrail–Livan xəttində hərbi gərginlik yeni mərhələyə daxil olur. İsrail ordusu Livanın Bəqaa vadisində yerləşən yaşayış məntəqələrinin sakinlərinə təcili şəkildə ərazini tərk etmək çağırışı edib. Rəsmi açıqlamada bu addımın Hizbullahın atəşkəs razılaşmasını pozduğu iddiaları ilə əlaqəli olduğu bildirilib. Son günlər İsrailin Livanın cənubu və Bəqaa bölgəsinə hava hücumlarını artırması bölgədə daha geniş hərbi əməliyyatların başlaya biləcəyi ilə bağlı narahatlıqları da gücləndirib. Ekspertlər hesab edirlər ki, sərhəd boyunca davam edən qarşılıqlı hərbi addımlar bölgədə təhlükəsizlik risklərini daha da artıra bilər.

Donald Trampın ABŞ və İsrailin İrana qarşı müharibəsi üçün gətirdiyi çoxsaylı əsaslandırmalar arasında Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq məqsədi dayanırdı. Pakistanın himayəsi ilə keçirilən danışıqlar İslam Respublikasının öz nüvə proqramına dair müəyyən məhdudiyyətlərlə razılaşmasına səbəb olsa da, nüvə tərksilahına dair uzunmüddətli öhdəlik hələ də uzaq görünür. Əksinə, İran rəhbərliyi belə bir qənaətə gəlib ki, nüvə silahına sahib olmaq rəqiblərini gələcək hücumlardan çəkindirəcək və bu, onları nüvə bombası əldə etməyə sövq edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Mariano Qrossinin aprelin ortalarında "The Economist" jurnalına verdiyi müsahibədə nüvə silahlarının yayılmasından ciddi narahatlıq keçirdiyini bildirməsinin səbəblərindən biri də budur. Nəticə etibarilə, əgər İran nüvə silahı əldə etməyə can atarsa, onun Yaxın Şərqdəki qonşuları da eyni yolu izləyə bilər.