BAKI,VOA Orxan Qədirzadə
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Tehran və Bağdad iki ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi üçün yeni və mühüm addımlar atacaq.
Qalibaf İraqa üçgünlük səfəri çərçivəsində Bağdada gəlib. O, İraqı region üçün mühüm ölkə adlandıraraq İran-İraq münasibətlərinin bölgədə baş verən proseslər baxımından əsas və strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Qalibaf səfər zamanı İraq rəsmiləri və siyasi qüvvələrin rəhbərləri ilə görüşərək regional vəziyyəti, ABŞ-İran müharibəsinin nəticələrini, Hörmüz boğazındakı vəziyyəti və iki ölkənin təhlükəsizlik məsələlərini müzakirə edəcək.
İran rəsmisi Bağdadda Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisin xatirəsinə ucaldılmış abidəni də ziyarət edib. O, İran və İraq müqavimət qüvvələrinin regiondakı təsirinin genişləndiyini bildirib.
Qalibafın səfəri ABŞ-ın Bağdada silahların dövlətin nəzarətində saxlanılması ilə bağlı təzyiqlərinin artdığı və İran-İraq münasibətlərində təhlükəsizlik məsələlərinin ön plana çıxdığı bir vaxtda baş tutur.
İran parlamentinin sədri daha əvvəl regionda “yeni bir nizamın” formalaşacağını iddia edərək İslam ölkələrini əməkdaşlığı gücləndirməyə çağırıb.