1953-cü il avqustun 19-da İranda Baş nazir Məhəmməd Müsəddiqin hökuməti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) və Britaniya kəşfiyyatının dəstəklədiyi çevriliş nəticəsində devrildi.
Müsəddiq 1951-ci ildə baş nazir olduqdan sonra ölkənin neft sənayesinin milliləşdirilməsi istiqamətində addımlar atmış və Britaniya şirkətlərinin fəaliyyətinə qarşı çıxmışdı. Bu siyasət İran şahı Məhəmməd Rza Pəhləvi və Qərbyönlü qüvvələrlə qarşıdurmanı dərinləşdirmişdi.
HISTORY-in məlumatına görə, ABŞ və Britaniya kəşfiyyatları Müsəddiqin hakimiyyətdə qalmasının İranı Sovet İttifaqının təsir dairəsinə yaxınlaşdıra biləcəyindən ehtiyat edirdi. CIA şah tərəfdarları və İran ordusu ilə əməkdaşlıq edərək çevrilişin təşkilinə dəstək verib.
Avqustun 19-da ordunun müdaxiləsi və CIA tərəfindən maliyyələşdirildiyi bildirilən küçə etirazları nəticəsində Müsəddiq hakimiyyətdən uzaqlaşdırılıb. Şah ölkəyə qayıdaraq yenidən hakimiyyətə keçib.
Müsəddiq həbs olunaraq üç il həbsdə qaldıqdan sonra ömrünün sonuna qədər ev dustaqlığında saxlanılıb və 1967-ci ildə vəfat edib. Şah rejimi isə 1979-cu il İran İnqilabına qədər ABŞ-ın əsas müttəfiqlərindən biri olaraq qalıb.
1953-cü il çevrilişi sonrakı onilliklərdə İran-ABŞ münasibətlərinin formalaşmasına ciddi təsir göstərən hadisələrdən biri kimi qiymətləndirilir.