BAKI,VOA,Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, hazırda Tehran və Vaşinqton arasında birbaşa danışıqlar aparılmır, lakin diplomatik təmaslar davam edir.
VOA xəbər verir ki, Bəqayi qeyd edib ki, İran regional ölkələrlə diplomatik əlaqələri fəal şəkildə davam etdirir.
Son günlər İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan rəsmiləri ilə telefon danışığı aparıb.
Bununla yanaşı, Oman və İran arasında da danışıqlar davam edir. Məlumata görə, hazırda İraqda səfərdə olan Abbas Əraqçi və Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi son açıqlamalarında bu təmaslara toxunublar.
Bildirilir ki, danışıqlar əsasən Hörmüz boğazındakı vəziyyətə həsr olunub. Tərəflər boğazda gəmiçiliyin gələcəyi və digər mübahisəli məsələləri müzakirə edirlər.
İran Prezidenti Məsud Pezeşkian isə son açıqlamasında ölkəsinin regionda gərginliyi artırmaq niyyətində olmadığını bildirib. Bununla yanaşı, o vurğulayıb ki, İran milli təhlükəsizliyini, milli maraqlarını və ərazi bütövlüyünü qorumaq üçün qətiyyətlə hərəkət edəcək.
Rəsmi Tehranın son bəyanatları göstərir ki, İran bir tərəfdən diplomatiyaya açıq olduğunu bəyan edir, digər tərəfdən isə mümkün qarşıdurmaya hazır olduğunu vurğulayır.