BAKI,VOA Orxan Qədirzadə
Türkiyənin Daxili İşlər Nazirliyi yanında Miqrasiya İdarəsi Başqanlığı 2026-cı il iyulun 30-na olan yaşayış icazəsi ilə ölkədə olan əcnəbilərin statistik məlumatlarını açıqlayıb. Məlumatlara əsasən, Türkiyədə yaşayış icazəsi ilə qalan xarici vətəndaşların sayı 1 milyon 261 min 239 nəfərə çatıb.
Statistik göstəricilər son illərdə Türkiyədə yaşayan əcnəbilərin sayında yenidən artım tendensiyasının müşahidə edildiyini göstərir. Belə ki, yaşayış icazəsi ilə ölkədə olan əcnəbilərin sayı 2022-ci ildə 1 milyon 354 min 94 nəfərlə rekord həddə çatdıqdan sonra 2024-cü ildə 1 milyon 56 min 632 nəfərə qədər azalıb. 2025-ci ildən etibarən isə göstərici yenidən yüksəlməyə başlayıb.
Əcnəbilərin ən çox yaşadığı şəhər İstanbul olub. Statistikaya görə, İstanbulda yaşayış icazəsi olan 599 min 798 xarici vətəndaş qeydiyyatdadır. Bu göstərici ümumi sayın təxminən yarısına bərabərdir.
Ən çox əcnəbinin yaşadığı digər şəhərlər sırasında Antalya 149 min 432 nəfərlə ikinci, Ankara isə 78 min 688 nəfərlə üçüncü yerdə qərarlaşıb. Siyahıda Bursa (49 min 215), Mersin (46 min 936) və İzmir (33 min 345) də yer alıb.
Ən az yaşayış icazəli əcnəbinin olduğu rayonlar isə Tunceli, Bitlis və Muş olub. Bu şəhərlərdə müvafiq olaraq 250, 259 və 274 xarici vətəndaş yaşayır.
Azərbaycan vətəndaşları ilk beşlikdədir
Ümumi yaşayış icazəsi kateqoriyasında Türkiyədə ən çox yaşayan xarici vətəndaşlar arasında Türkmənistan vətəndaşları ilk sırada qərarlaşıb.
Belə ki, Türkmənistan vətəndaşlarının sayı 198 min 386 nəfər, Azərbaycan vətəndaşlarının sayı 97 min 944 nəfər təşkil edib. Siyahıda Suriya (85 min 995), Rusiya Federasiyası (78 min 23) və İran (76 min 301) vətəndaşları da ön sıralarda yer alıb.
Azərbaycanlı tələbələrin sayı 20 mindən çoxdur
Tələbə yaşayış icazəsi ilə Türkiyədə olan əcnəbilər arasında da Türkmənistan vətəndaşları liderdir. Bu kateqoriyada Türkmənistandan olan 57 min 482 tələbə qeydiyyatdadır.
İran vətəndaşları 26 min 2 nəfərlə ikinci, Azərbaycan vətəndaşları isə 20 min 280 nəfərlə üçüncü yeri tutur. Siyahıda Özbəkistan (11 min 778) və Qazaxıstan (9 min 615) vətəndaşları da yer alır.
Qısa müddətli yaşayış icazəsində azərbaycanlılar beşincidir
Qısa müddətli yaşayış icazəsi alan əcnəbilərin sayına görə Suriya vətəndaşları 63 min 513 nəfərlə ilk sıradadır. Türkmənistan vətəndaşları 48 min 994 nəfərlə ikinci, İraq vətəndaşları isə 38 min 414 nəfərlə üçüncü yerdədir.
Azərbaycan vətəndaşları bu kateqoriyada da ilk beşlikdə qərarlaşıb. Qısa müddətli yaşayış icazəsi ilə Türkiyədə olan azərbaycanlıların sayı 28 min 722 nəfər təşkil edib.
Ailə yaşayış icazəsində Azərbaycan dördüncü sıradadır
Ailə yaşayış icazəsi üzrə isə Özbəkistan vətəndaşları 19 min 861 nəfərlə birinci, Türkmənistan vətəndaşları 19 min 23 nəfərlə ikinci yerdədir.
Rusiya Federasiyası vətəndaşları 16 min 808 nəfərlə üçüncü, Azərbaycan vətəndaşları isə 13 min 955 nəfərlə dördüncü sırada qərarlaşıb. Mərakeş vətəndaşları isə 10 min 770 nəfərlə ilk beşliyi tamamlayıb.
Məlumatlar göstərir ki, Türkiyə region ölkələri, xüsusilə Orta Asiya, Qafqaz və qonşu dövlətlərdən olan vətəndaşlar üçün əsas yaşayış, təhsil və iş mərkəzlərindən biri olaraq qalır.