BAKI,VOA Orxan Qədirzadə
ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında başladılan “Azadlıq Layihəsi” əməliyyatını müvəqqəti dayandırdığını açıqlayıb.
VOA-nın məlumatına görə o bildirib ki, qərar Pakistan və digər ölkələrin xahişi əsasında qəbul olunub və məqsəd yekun razılaşmanın imzalanmasına şərait yaratmaqdır. Tramp əməliyyatı “insani təşəbbüs” adlandıraraq, neytral dövlətlərin gəmilərinə yardım məqsədi daşıdığını vurğulayıb.
Eyni zamanda ABŞ dövlət katibi Marko Rubio “Epik Qəzəb” adlı hücum mərhələsinin başa çatdığını və Vaşinqtonun indi müdafiə mövqeyində olduğunu bəyan edib. Rubio İranı danışıqlara dəvət edərək, nüvə materiallarının tam şəkildə nəzarət altına alınmasının vacibliyini qeyd edib. ABŞ rəhbərliyi Konqresin təzyiqi ilə hücum əməliyyatlarını dayandıraraq, qanunvericiliyə uyğun şəkildə hərəkət etdiyini açıqlayıb.
İran tərəfi isə yeni mexanizm elan edib: Hörmüz boğazından keçəcək bütün kommersiya gəmiləri bundan sonra İran ordusu ilə koordinasiya etməli və xüsusi icazə almalıdır. Tehran yeni xəritə təqdim edərək, nəzarət zonasını genişləndirdiyini bildirib. Parlamentdə müzakirə olunan qanun layihəsi İsraillə bağlı gəmilərin tam qadağan olunmasını, ABŞ və “düşmən” ölkələrə aid gəmilərə isə sərt məhdudiyyətlər tətbiqini nəzərdə tutur.
Bölgədə gərginlik artmaqda davam edir. Birləşmiş Ərəb Əmirlikləri ardıcıl iki gün İran tərəfindən raket və pilotsuz aparat hücumlarına məruz qaldığını açıqlasa da, Tehran bu iddiaları qəti şəkildə təkzib edib. ABŞ Mərkəzi Komandanlığı isə bəzi gəmilərin uğurla müşayiət olunduğunu, İran hücumlarının isə məhdud ziyan vurduğunu bildirib.
Hörmüz boğazında hazırda yüzlərlə gəmi ilişib qalıb, neft qiymətləri isə 2022-ci ildən bəri ən yüksək səviyyəyə yüksəlib. Bu vəziyyət həm enerji bazarına, həm də regional təhlükəsizlik balansına ciddi təsir göstərir.